Az | EN

OpenAI-nin ilk cihazı ekransız ağıllı dinamik olacaq

Cəmil Hüseynzadə
15 İyul 2026 16:19
47 baxış
OpenAI-nin ilk cihazı ekransız ağıllı dinamik olacaq

OpenAI-nin hazırladığı ilk istehlakçı cihazının ekransız, daşına bilən ağıllı dinamik olacağı iddia edilir. Bloomberg-in jurnalisti Mark Qurmanın məlumatına görə, cihaz süni intellekt dövrü üçün tamamilə yeni nəsil ev kompüteri kimi hazırlanır.

Yeni cihazın əsas məqsədi istifadəçinin evdə daim yanında olan süni intellekt köməkçisi funksiyasını yerinə yetirməkdir. O, ağıllı ev sistemlərini idarə edə, musiqi və digər media məzmunlarını səsləndirə, ChatGPT vasitəsilə mesajlara cavab verə və istifadəçilərin suallarını cavablandıra biləcək.

Qurğunun əsas üstünlüyü onun inkişaf etmiş səsli ünsiyyət imkanları olacaq. Bildirilir ki, cihaz GPT-Live texnologiyasının daha təkmil versiyasından istifadə edəcək. Bu sayədə o, eyni anda həm dinləyə, həm danışa, həm də məlumatları real vaxt rejimində emal edə biləcək.

Məlumata görə, cihaz kamera və müxtəlif sensorlarla təchiz ediləcək. Bu isə ona ətraf mühiti analiz etməyə və istifadəçinin ehtiyaclarını daha yaxşı anlamağa imkan verəcək. Daxili batareya sayəsində cihazı gün ərzində evin müxtəlif otaqlarına rahat şəkildə aparmaq mümkün olacaq.

Süni intellekt köməkçisi zamanla istifadəçinin şəxsi məlumatlarını, o cümlədən elektron poçtlarını analiz edərək daha fərdiləşdirilmiş xidmət göstərəcək və ehtiyacları əvvəlcədən proqnozlaşdırmağa çalışacaq.

OpenAI bu cihazın hazırlanması üçün bu ilin əvvəlində io Products startapını 6,5 milyard dollara satın alıb. Layihənin dizaynında Apple-ın keçmiş baş dizayneri Coni Ayvın yaratdığı LoveFrom studiyası da iştirak edir.

Şirkət vurğulayır ki, yeni məhsul Apple HomePod kimi klassik ağıllı dinamiklərdən fərqli konsepsiyaya malik olacaq. Cihazın bu il təqdim ediləcəyi, satışa isə 2027-ci ildə çıxacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az