Nokia və NVIDIA telekommunikasiya sahəsində yeni mərhələnin əsasını qoyaraq dünyanın ilk kommersiya süni intellekt əsaslı radio giriş (AI-RAN) platformasını təqdim ediblər. Yeni həll mobil operatorlara mövcud şəbəkə infrastrukturu və tezlik resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək.
Şirkətlərin məlumatına görə, platforma sayəsində operatorlar 2028-ci ilə qədər eyni tezlik diapazonunda ötürülən məlumat həcmini iki dəfə artırmaq imkanı əldə edəcəklər. Yeni avadanlıqların 2027-ci ildən etibarən mobil operatorlara təqdim olunması planlaşdırılır. İlk mərhələdə spektrdən istifadə səmərəliliyinin təxminən 50%-ə çatacağı gözlənilir. Hazırda bu göstərici təxminən 20% təşkil edir.
Yeni AI-RAN platforması üç yeni avadanlıq və proqram təminatından ibarətdir. Həll Open RAN standartını dəstəklədiyi üçün proqram yeniləməsi vasitəsilə gələcək 6G şəbəkələrinə uyğunlaşdırıla və digər istehsalçıların avadanlıqları ilə birlikdə işləyə biləcək.
Nokia-nın baş icraçı direktoru Castin Hotard bildirib ki, bahalı tezlik resurslarından daha səmərəli istifadə mobil operatorların investisiyalarının geri dönüşünü artıracaq və gələcək şəbəkə modernləşdirilməsini sürətləndirəcək.
Bununla yanaşı, Nokia yalnız avadanlıq satışı ilə kifayətlənməyərək, AI imkanlarını genişləndirən proqram təminatını abunə modeli ilə təqdim etməyi də planlaşdırır. Bu yanaşma şirkətin gəlirlərini daha davamlı hala gətirməyi hədəfləyir.
