Azərbaycanda sürücülər və kuryerlər üçün nəzərdə tutulmuş ilk sahibkarlıq sürətləndirici- “Bolt Accelerator” proqramını elan edib. Bu proqram Bolt və SUP VC şirkətləri arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.
Müqavilə Bolt-un Əməliyyatlar üzrə baş meneceri Ramil Məhərrəmov və SUP VC-nin icraçı direktoru Rəşad Eyvazov tərəfindən imzalanıb. Tədbirdə qonaq qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Taleh Kərimli də iştirak edib.
“Bolt Accelerator” proqramı həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənir. Bu təşəbbüs innovasiya və iqtisadi inkişaf sahəsində tərəflər arasında uzunmüddətli əməkdaşlığın təməlini qoyur.
Əməkdaşlıq çərçivəsində SUP VC proqramın təşkilatçılığı və mentorlar şəbəkəsinin yaradılmasına cavabdehdir. Digər tərəfdən, Bolt iştirakçıların seçilməsi, təlimlərin keçirilməsi və maliyyə dəstəyi məsələlərini öz üzərinə götürür.
Proqrama müraciətlər 15 avqust 2025-ci il tarixinədək qəbul olunur. Ümumilikdə, 120 nəfərin seçilməsi planlaşdırılır. Seçilənlər 8 həftə onlayn təlimlərdə iştirak edəcək, daha sonra isə imtahanda müvəffəq olan 20 nəfər 4 həftəlik onlayn mentorluq və əyani təlim mərhələsinə qoşulacaq.
Təlimlər çərçivəsində iştirakçılar şirkət quruculuğu, maliyyə, marketinq və müştəri cəlbi kimi sahələrdə praktiki biliklər əldə edəcək, fərdi mentor dəstəyi ilə təmin olunacaqlar.
Final mərhələsində 7 qalib seçiləcək. Onlardan biri 10,000 AZN, digəri 7,000 AZN, üç nəfər 4,500 AZN, iki nəfər isə 3,000 AZN mükafat qazanacaq. Ümumi mükafat fondu 36,500 AZN təşkil edir.
Qaliblər 6 həftə davam edən intensiv inkişaf proqramında iştirak edərək, öz ideyalarını real müştərilərə təqdim etmək imkanı əldə edəcəklər.
Proqramın əsas diqqət sahələri mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu istiqamətlərdə texnoloji yeniliklərdir.
“Bolt Accelerator” Bolt-un “Urban Fund” təşəbbüsünün tərkib hissəsidir. Bu fond sürücülər və kuryerləri iqtisadi baxımdan gücləndirmək, onlara inkişaf üçün zəruri vasitələr təqdim etmək və şəhər mobilliyində innovasiyaları təşviq etmək məqsədi daşıyır.
Qeyd edək ki, proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla həyata keçirilib və 30-dan çox biznes ideyasının reallaşmasına dəstək göstərib.
Müraciət və əlavə məlumat üçün: https://boltakselerator.az