Az | EN

Bu şəklə görə investor 500 min dollar itirib

Cəmil Hüseynzadə
05 Noyabr 2025 11:10
47 baxış
Bu şəklə görə investor 500 min dollar itirib

Cənubi Koreya şirkətlərinə qarşı mərc edən Reddit istifadəçisi “skilliard7” bir fotoya görə yarım milyon dollar itirib. O, hesab edirdi ki, ölkədə əhalinin azalması və sağlam qidalanmaya marağın artması nəticəsində fastfud məhsullarına, xüsusilə də qızardılmış toyuğa tələbat azalacaq. Bu fikrə əsaslanaraq o, yerli toyuq istehsalçılarının səhmlərinin ucuzlaşacağına ümidlə “short” açmış, yəni qiymətlər düşəndə qazanc əldə etməyi planlaşdırmışdı.

Lakin hadisələr gözlənilməz şəkildə dəyişib. Həftənin əvvəlində sosial şəbəkələrdə Seulun “KKanbu Chicken” restoranında çəkilmiş foto yayıldı. Şəkildə “Nvidia” şirkətinin CEO-su Censen Xuanq “Samsung” və “Hyundai” nümayəndələri ilə birlikdə qızardılmış toyuq və pivə süfrəsində görünürdü. Bu kadrlar bir neçə saat ərzində Koreya mediasında və sosial şəbəkələrdə böyük rezonans doğurdu. Texnologiya nəhənglərinin yerli brendlərə marağı ictimaiyyət tərəfindən “milli qürur” kimi qarşılandı.

Bundan sonra bazarda gözlənilməz sıçrayış baş verdi – toyuq istehsalçılarının səhmləri cəmi bir neçə saat ərzində 20–30 faiz bahalaşdı. İnvestorun açıq mövqeləri məcburi bağlandığı üçün o, təxminən 500 min dollar itirib.

İnvestor Reddit-də paylaşım edərək yazıb: “Mən hər şeyimi itirdim və indi nə edəcəyimi bilmirəm. Görəsən, Censen Xuanqın Cənubi koreyalıların toyuğa sevgisinə bu qədər təsir göstərəcəyini necə nəzərə almamışam?”

© copyright 2022 | tech.az | info@tech.az