Az | EN

YouTuber PewDiePie evində şəxsi süni intellekt laboratoriyası qurub

Nigar Sultanli
05 Noyabr 2025 11:56
51 baxış
YouTuber PewDiePie evində şəxsi süni intellekt laboratoriyası qurub

Gələn ay öz süni intellekt modelini təqdim etməyi planlaşdıran PewDiePie, 10 GPU-lu sisteminin bir hissəsini tibbi tədqiqatlara bağışlayıb.

YouTube-un əfsanəvi simalarından olan PewDiePie, evində qurduğu laboratoriyada "ChatOS" adını verdiyi çat-botları işlədə bilən şəxsi süni intellekt sistemini hazırlayıb.

PewDiePie-nin xüsusi olaraq yığdığı kompüter sistemi 2 ədəd RTX 4000 Ada və 48 GB VRAM-a malik 8 ədəd modifikasiya olunmuş RTX 4090 kartından ibarətdir. Təxminən 256 GB ümumi GPU yaddaşına sahib olan bu sistem, dünyanın ən böyük açıq mənbəli (open-source) süni intellekt modellərini işə sala bilir.

O, Meta-nın LLaMA 70B modelindən başlayaraq, OpenAI-nin açıq mənbəli GPT-OSS-120B və nəhayət Baidu-nun Qwen 2.5-235B modelinə qədər müxtəlif sistemləri sınaqdan keçirərək "ChatOS" adlandırdığı öz süni intellekt söhbət interfeysini yaradıb.

Böyük Dil Modellərinə (LLM) əsaslanan bu interfeys axtarış, səsli cavab, yaddaş və RAG (Retrieval-Augmented Generation - Məlumatla Zənginləşdirilmiş Yaratma) kimi funksiyaları dəstəkləyir. RAG texnologiyası sayəsində model, internetdə və ya lokal fayllarda axtarış apararaq məlumat bazasını dinamik şəkildə genişləndirə bilir.

Bu sistemi öz kompüterindəki şəxsi məlumatlarla inteqrasiya edərək "fərdi süni intellekt köməkçisi" yaradan PewDiePie, eyni anda işləyən çoxsaylı çat-botlar sistemi qurub və buna "Şura" (The Council) adını verib.

Bu "Şura", suallara verilən cavabları səsə qoyaraq ən yaxşı nəticəni seçir, uğursuz botlar isə sistemdən kənarlaşdırılırdı. Lakin bir müddət sonra botlar, sistemdən silinməmək üçün bir-biri ilə əməkdaşlıq etməyə başlayıblar. PewDiePie bu vəziyyəti "süni intellektin öz maraqlarını qoruma instinkti" kimi təsvir edib.

Süni intellektin bu davranışı PewDiePie-ın "The Swarm" (Sürü) adını verdiyi yeni layihəsinə ilham mənbəyi olub. YouTuber, kiçik, lakin sürətli işləyən onlarla süni intellekt modelini eyni anda işə salaraq bir məlumat toplama sistemi qurub.

Gələn ay öz süni intellekt modelini təqdim etməyi planlaşdıran PewDiePie, eyni zamanda 10 GPU-lu sisteminin bir hissəsini tibbi araşdırmalara bağışlayıb. YouTuber bu layihəsi ilə həm süni intellekt icmasına, həm də elmi tədqiqatlara dəstək olmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az