Ceff Bezos, İtaliyada keçirilən "Italian Tech Week" tədbirində ctimai çıxışı zamanı maraqlı proqnozla çıxış edib. "Financial Times"ın məlumatına görə, Bezos milyonlarla insanın "növbəti bir neçə onillikdə" kosmosda yaşayacağını proqnozlaşdırır.
Turində, İtaliyanın nüfuzlu Anyelli sülaləsinin nümayəndəsi Con Elkanla söhbət edən Bezos, insanların kosmosda məskunlaşmasını təmin edəcək amillərə toxunub.
Bezos israrla bildirib ki, insanlar kosmosda "əsasən öz istəkləri ilə" yaşayacaqlar. Onun fikrincə, Yer kürəsindən kənarda qurulacaq bu yeni həyat tərzində, ağır və yorucu işlərin öhdəsindən robotlar gələcək.
Milyarder, həmçinin, kosmik infrastruktura dair maraqlı bir detal açıqlayıb. O, Süni İntellekt məlumat mərkəzlərinin başımızın üstündə, yəni orbitdə üzəcəyini qeyd edib. Bu isə gələcəkdə rəqəmsal və texnoloji əməliyyatların məhz kosmosdan idarə oluna biləcəyinə işarə edir.
Ceff Bezosun Blue Origin şirkəti hazırda kosmos turizmi və kommersiya məqsədli kosmik uçuşlar sahəsində fəaliyyət göstərir və bu proqnozlar onun uzaqgörən kosmos ambisiyalarının bir daha təsdiqidir.