Cənubi Koreya hökuməti süni intellekt texnologiyalarının sənayedə tətbiqini sürətləndirmək məqsədilə 917 milyon dollarlıq yeni proqram başladır. Ölkənin Elm və İKT Nazirliyi (MSIT) və Milli İT Sənayesinin Təşviqi Agentliyi (NIPA) 2026-cı il üzrə AI Transformation (AX) tədqiqat və inkişaf layihələri üçün müsabiqə elan edəcək.
Beş il davam edəcək proqram çərçivəsində Gyeongnam və Jeonbuk bölgələrinə ümumilikdə 1,4 trilyon von (təxminən 917 milyon ABŞ dolları) investisiya yatırılacaq. Gyeongnam layihəsi ultra dəqiq istehsal proseslərinin idarə olunması üçün insan və süni intellektin birgə fəaliyyətinə əsaslanan fiziki intellekt modelinin hazırlanmasını hədəfləyir. Jeonbuk layihəsi isə istehsal və logistika sistemlərini birləşdirən, özünü idarə edə bilən ağıllı fabriklər üçün fiziki AI əsaslı proqram platformasının yaradılmasına yönəlib.
Bu təşəbbüs Cənubi Koreyanın ölkə üzrə dörd regionu süni intellekt innovasiya mərkəzinə çevirməyi nəzərdə tutan milli strategiyasının tərkib hissəsidir. Hökumət hesab edir ki, proqram istehsal sənayesində məhsuldarlığı artıracaq, ağıllı fabriklərin inkişafını sürətləndirəcək və ölkənin qlobal AI rəqabət qabiliyyətini gücləndirəcək.
