OpenAI şirkəti ChatGPT istifadəçiləri üçün 2025-ci ilin fərdi statistikasını əks etdirən "Year in Review" (İlin Yekunları) funksiyasını istifadəyə verib. Bu yeni bölmə vasitəsilə istifadəçilər il ərzində süni intellektlə neçə çat qurduqlarını, neçə mesaj yazdıqlarını və hansı şəkilləri yaratdıqlarını görə biləcəklər.
Hazırda bu funksiya ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliyadakı istifadəçilər üçün aktiv edilib. Statistikadan yararlanmaq üçün tətbiqin ən son versiyasını yükləmək və yaddaş (Memory) həmçinin çat tarixçəsi funksiyalarını aktiv saxlamaq kifayətdir. İstifadəçilər çat bölməsinə "Show me my year with ChatGPT" (Mənim ChatGPT ilə ilimi göstər) yazaraq öz fərdi hesabatlarını əldə edə bilərlər.
Süni intellekt köməkçisi yalnız rəqəmləri təqdim etməklə kifayətlənmir, həm də istifadəçinin il boyu göstərdiyi fəaliyyətə uyğun olaraq ona virtual bir "mükafat" da təqdim edir. Yaddaş funksiyası əvvəlcədən aktiv olmayan istifadəçilər bu bölməni açdıqdan sonra sistemin keçmiş məlumatları təhlil etməsinə icazə verməlidirlər.
