Az | EN

ChatGPT mobil tətbiqinin gəliri 3 milyard dolları keçdi

Nigar Sultanli
19 Dekabr 2025 10:29
42 baxış
ChatGPT mobil tətbiqinin gəliri 3 milyard dolları keçdi

"Appfigures" analitik şirkətinin hesabatına əsasən, ChatGPT mobil tətbiqi bu həftə qlobal miqyasda istifadəçi xərcləri üzrə 3 milyard dollarlıq məbləği qoyub. Bu rəqəm tətbiqin 2023-cü ilin mayında istifadəyə verilməsindən bəri iOS və Android platformalarındakı ümumi göstəricisini əks etdirir.

Maraqlısı odur ki, bu məbləğin əsas hissəsi məhz 2025-ci ilin payına düşür. Cari ildə istifadəçilər tətbiqdə təxminən 2,48 milyard dollar xərcləyiblər ki, bu da 2024-cü ildəki 487 milyon dollarla müqayisədə 408% artım deməkdir. Tətbiqin ilk ili olan 2023-cü ildə isə bu göstərici cəmi 42,9 milyon dollar olmuşdu.

ChatGPT bu sürətli artımla digər populyar platformaları əhəmiyyətli dərəcədə qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, 3 milyard dollarlıq həddə çatmaq üçün ChatGPT-yə cəmi 31 ay kifayət edib. Halbuki, bu nəticəni əldə etmək üçün TikTok 58 ay, Disney+ 42 ay, HBO Max isə 46 ay vaxt sərf edib.

Süni intellekt sahəsindəki digər rəqiblərdən yalnız xAI şirkətinin "Grok" tətbiqi gəlir dinamikasına görə ChatGPT-yə yaxınlaşa bilir.

Hazırda gəlirlər əsasən aylıq 20 dollarlıq "Plus" və 200 dollarlıq "Pro" abunəliklərindən formalaşır. Lakin şirkət gələcəkdə reklamlar və yeni tətbiq mağazası vasitəsilə də əlavə qazanc əldə etməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az