İsveçin vayb-koding sahəsində ixtisaslaşan Lovable startapı növbəti maliyyələşmə mərhələsində 330 milyon dollar investisiya cəlb edib. Bu raunddan sonra şirkətin bazar dəyəri 6,6 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, hələ 2025-ci ilin iyulunda investorlar şirkəti cəmi 1,8 milyard dollar həcmində qiymətləndirmişdilər.
CapitalG və Menlo Ventures şirkətlərinin rəhbərlik etdiyi prosesdə Khosla Ventures, Accel və EQT kimi fondlar da iştirak edib. Cəlb edilən vəsait Stripe və Notion kimi populyar xidmətlərlə inteqrasiyaya və funksionallığın genişləndirilməsinə yönəldiləcək.
2023-cü ildə Stokholmda qurulan startap 2024-cü ilin noyabrında istifadəçilərə heç bir texniki bilik tələb etmədən, sadə mətn sorğusu ilə tam işlək sayt və tətbiqlər yaratmağa imkan verən xidmətini təqdim edib. OpenAI, Anthropic və Google modelləri əsasında işləyən sistem qısa müddətdə böyük uğur qazanıb.
Startapın maliyyə göstəriciləri də diqqət çəkir. 2025-ci ilin fevralında şirkətin illik təkrarlanan gəliri 17 milyon dollar idisə, dekabr ayında bu rəqəm 200 milyon dollara yüksəlib. Ödənişli istifadəçilərin sayı isə ilin əvvəlindəki 30 mindən hazırda 320 minə çatıb. Müştərilərin əksəriyyətini şirkət təsisçiləri və sahibkarlar təşkil edir.
