Az | EN

Çin dizel yük maşınlarını elektrik modelləri ilə əvəz etməyə başladı

Cəmil Hüseynzadə
21 İyul 2026 13:03
143 baxış
Çin dizel yük maşınlarını elektrik modelləri ilə əvəz etməyə başladı

Çin hökuməti ölkə üzrə ağır yük avtomobilləri üçün 3 mindən çox enerji doldurma və batareya dəyişdirmə stansiyası tikməyi planlaşdırır. Layihənin əsas məqsədi dizel və benzinlə işləyən yük maşınlarını tədricən yeni nəsil elektrik və digər ekoloji təmiz nəqliyyat vasitələri ilə əvəz etməkdir.

Yeni stansiyalar əsasən ölkənin ən sıx yükdaşıma marşrutlarında, milli avtomagistrallarda, əyalət yollarında, iri şəhər aqlomerasiyalarında və sənaye mərkəzlərində yerləşdiriləcək. Buraya Pekin–Tyanjin–Hebey regionu, Yantszı çayı deltası, Quanqdonq–Honq Konq–Makao Böyük Körfəz Bölgəsi və Çendu–Çunsin iqtisadi zonası daxildir.

Bundan əlavə, yük terminalları, limanlar, mədənlər, zavodlar və sənaye parkları da enerji infrastrukturu ilə təmin olunacaq. Məqsəd ağır yük nəqliyyatı üçün ölkə üzrə vahid və fasiləsiz enerji doldurma şəbəkəsi yaratmaqdır.

Çin rəsmiləri bildiriblər ki, 2026-cı ildə köhnə kommersiya yük avtomobillərinin utilizasiyası və yenilənməsi proqramı da davam etdiriləcək. Bu məqsədlə hökumət 22 milyard yuan həcmində uzunmüddətli xüsusi dövlət istiqrazları ayıracaq. Vəsait əsasən köhnə dizel yük maşınlarının enerji səmərəli və yeni nəsil yük avtomobilləri ilə əvəzlənməsinə yönəldiləcək.

Bu təşəbbüs Çinin nəqliyyat sektorunda karbon emissiyalarını azaltmaq, logistikanı daha dayanıqlı etmək və elektriklə işləyən ağır yük avtomobillərinin istifadəsini sürətləndirmək strategiyasının tərkib hissəsidir.

© copyright 2022 | tech.az | info@tech.az