Az | EN

JET Azərbaycanda istiqraz buraxmağa hazırlaşır

Cəmil Hüseynzadə
20 İyul 2026 14:56
84 baxış
JET Azərbaycanda istiqraz buraxmağa hazırlaşır

"Bakı Fond Birjası" QSC (BFB) Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində Qazaxıstanın "JET Group Ltd." şirkəti ilə müqavilə imzalayıb.

Məlumata görə, şirkətin Azərbaycanın kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir. Bu məqsədlə onun aparıcı investisiya şirkətləri ilə görüşləri təşkil edilib.

"JET Group Ltd." xarici hüquqi şəxs olduğundan, qüvvədə olan qanunvericiliyə əsasən ölkə ərazisində təmin edilmiş istiqraz buraxmalıdır. Bu çərçivədə istiqraz emissiyasına yerli bankın təminat verməsi nəzərdə tutulur.

LMP şirkətlərə birjada səhm və yaxud istiqraz yerləşdirməklə (listinq) maliyyələşməyə dəstək göstərən məlumat və məsləhət xidmətləri proqramıdır. Məqsəd, şirkətlərin kapital bazarlarına çıxışını asanlaşdırmaq, onlara birja proseslərini öyrətmək və alternativ maliyyə mənbələri tapmaqda yardım etməkdir.

JET Group Ltd. 2021-ci ildə təsis edilmiş, Latın Amerikası, Mərkəzi Asiya və Qafqaz regionlarını əhatə edən elektrik skuterlərinin paylaşımı (kicksharing) xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq mikromobillik şirkətlərindəndir, Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada milyonlarla istifadəçiyə xidmət göstərərək regionun ən sürətlə inkişaf edən mikromobillik platformalarından biri kimi tanınır.

2023-cü ildən etibarən Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyasını, o cümlədən beynəlxalq dayanıqlı maliyyələşmə prinsiplərinə uyğun yaşıl istiqraz buraxılışını uğurla həyata keçirmiş "JET Group Ltd." növbəti maliyyələşmə mərhələsində Azərbaycan kapital bazarını prioritet istiqamətlərdən biri kimi qiymətləndirir. Şirkət BFB vasitəsilə yerli kapital bazarına çıxış əldə etməkdə yüksək maraqlı olduğunu ifadə edib və bu istiqamətdə zəruri hazırlıq prosesinə fəal şəkildə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az