Az | EN

Rusiyanın ilk nüvə bombasını hazırlayan mərkəz çip istehsalı üçün avadanlıq hazırlayacaq

Cəmil Hüseynzadə
20 İyul 2026 12:22
78 baxış
Rusiyanın ilk nüvə bombasını hazırlayan mərkəz çip istehsalı üçün avadanlıq hazırlayacaq

Rusiyanın dövlət nüvə korporasiyası Rosatom-un tərkibinə daxil olan və SSRİ-nin ilk atom və hidrogen bombalarının hazırlanması ilə tanınan Rusiya Federal Nüvə Mərkəzi – VNIIEF yerli yarımkeçirici sənayesi üçün yeni avadanlıqlar hazırlayacaq.

Tech.az xəbər verir ki, CNews-un məlumatına görə, layihənin həyata keçirilməsi üçün Rusiyanın Sənaye və Ticarət Nazirliyi (Minpromtorq) tərəfindən 992,85 milyon rubl (təxminən 12,7 milyon ABŞ dolları) vəsait ayrılıb.

VNIIEF müsabiqədə yeganə iştirakçı olub və 6 iyul 2026-cı ildə "Dentist" adlı elmi-tədqiqat və təcrübə-konstruktor işi üzrə müqavilə imzalayıb. Layihənin 30 oktyabr 2029-cu ilədək tamamlanması planlaşdırılır.

Layihə çərçivəsində mikroçiplərin istehsalında istifadə olunan iki əsas avadanlıq hazırlanacaq. Bunlardan biri diametri 100, 150 və 200 mm olan silisium lövhələrinin müvəqqəti birləşdirilməsi (bonding), digəri isə onların ayrılması və təmizlənməsi (debonding) üçün nəzərdə tutulub.

Müvəqqəti bonding texnologiyası mürəkkəb mikroçiplərin istehsalında geniş tətbiq olunur. Bu proses zamanı silisium lövhəsi xüsusi daşıyıcı lövhəyə müvəqqəti bərkidilir ki, sonrakı emal, nazikləşdirmə və daşınma mərhələləri təhlükəsiz şəkildə həyata keçirilsin. İstehsal tamamlandıqdan sonra lövhələr ayrılır və yapışqan qalıqları xüsusi debonding sistemi vasitəsilə təmizlənir.

Texniki şərtlərə əsasən, hazırlanacaq avadanlıqlarda maksimum dərəcədə yerli komponentlərdən istifadə olunmalıdır. Buraya Rusiya istehsalı prosessorlar əsasında kontrollerlər, yerli mikrokontroller və proqramlaşdırılan məntiq sxemləri (FPGA), vakuum sistemləri, avtomatik yükləmə-boşaltma mexanizmləri və proqram təminatı daxildir.

Bu layihə Rusiyanın xarici texnologiyalardan asılılığını azaltmaq və ölkədə mikroelektronika istehsalını inkişaf etdirmək strategiyasının bir hissəsi hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az