Az | EN

Hindistan ilk dəfə özəl şirkətin raketi ilə orbitə çıxdı

Cəmil Hüseynzadə
20 İyul 2026 12:17
83 baxış
Hindistan ilk dəfə özəl şirkətin raketi ilə orbitə çıxdı

Hindistanın kosmik startapı Skyroot Aerospace ölkə tarixində ilk dəfə tamamilə özəl şirkət tərəfindən həyata keçirilən orbital raket buraxılışına nail olub. Şirkətin Vikram-1 raketi iyulun 18-də Şriharikotadakı Satish Dhawan Kosmodromundan uğurla buraxılıb.

Reuters-in məlumatına görə, raket təxminən 15 dəqiqə ərzində faydalı yükü Yer səthindən 450 kilometr yüksəklikdə orbitə çatdırıb. "Aagaman" adlandırılan missiya Skyroot Aerospace tərəfindən tam uğurlu elan edilib.

Bu nailiyyətlə Hindistan ABŞ və Çindən sonra özəl şirkətin raketi ilə orbitə çıxan üçüncü ölkə olub. Qeyd edək ki, Skyroot 2022-ci ildə Vikram-S raketini sınaqdan keçirsə də, həmin uçuş suborbital idi və raket orbitə çıxmamışdı.

22 metr hündürlüyündə olan üçpilləli Vikram-1 bərk yanacaqla işləyir və aşağı Yer orbitinə 350 kiloqrama qədər yük daşıya bilir. İlk missiyada raket kommersiya peykləri, elmi eksperimentlər və Skyroot-un öz sınaq aparatını orbitə çıxarıb. Faydalı yüklər arasında 18 karat qızıldan hazırlanmış miniatür raket və laboratoriyada yetişdirilmiş almazlardan ibarət simvolik kompozisiya da yer alıb.

2018-ci ildə yaradılan Skyroot Aerospace Hindistanın 1 milyard dollar dəyər həddini keçən ilk kosmik startapıdır. Şirkətin investorları arasında GIC və BlackRock da var.

© copyright 2022 | tech.az | info@tech.az