Az | EN

Çin emosional bağlılıq yaradan Sİ çat-botlarını qadağan edir

Cəmil Hüseynzadə
14 İyul 2026 10:53
49 baxış
Çin emosional bağlılıq yaradan Sİ çat-botlarını qadağan edir

Çin hökumətinin yeni qaydalarına uyğun olaraq ByteDance-ə məxsus Doubao və Alibaba Group-un Qwen platformaları istifadəçilərin fərdi AI agentləri yaratmaq funksiyasını mərhələli şəkildə deaktiv etməyə başlayıb.

Yeni tənzimləmə uzunmüddətli emosional münasibət quran və insan davranışını təqlid edən süni intellekt xidmətlərini hədəfləyir. Bununla belə, iş, təhsil, müştəri xidməti və məhsuldarlıq üçün istifadə olunan AI alətləri fəaliyyətini davam etdirə biləcək.

Doubao bildirib ki, AI agentlərinin yaradılması funksiyası 15 iyuldan, həmin agentlərə aid məlumatların bərpası isə 15 oktyabrdan mümkün olmayacaq. Qwen isə istifadəçi agentlərini və insanabənzər qarşılıqlı əlaqə funksiyalarını 10 iyuldan, digər agent imkanlarını isə 15 iyuldan deaktiv edəcəyini açıqlayıb.

Hər iki platforma istifadəçilərə ad, xarakter və ünsiyyət tərzi müəyyən edilən virtual müəllimlər, rol personajları və rəqəmsal həmsöhbətlər yaratmağa imkan verirdi. Oxşar funksiya iyun ayında Tencent-in Yuanbao AI köməkçisində də ləğv edilmişdi.

Çinin Kiberməkan Administrasiyası (CAC) tərəfindən hazırlanan və 15 iyuldan qüvvəyə minəcək yeni qaydalar insan xüsusiyyətlərini təqlid edərək istifadəçilərlə emosional bağlılıq yaradan AI xidmətlərini tənzimləyir. Sənəd həmçinin azyaşlıların qorunması, şəxsiyyətin təsdiqi və həddindən artıq istifadəni məhdudlaşdıran mexanizmləri də tələb edir.

Çin rəsmiləri bu addımı şəxsi məlumatların qorunması, psixoloji sağlamlıq risklərinin azaldılması, rəqəmsal həmsöhbətlərdən asılılığın qarşısının alınması və zərərli məzmunun yayılmasının məhdudlaşdırılması məqsədilə atdıqlarını bildirirlər.

© copyright 2022 | tech.az | info@tech.az