ABŞ-nin ixrac məhdudiyyətləri fonunda, Çinli texnologiya şirkətləri – o cümlədən Alibaba, Baidu, və Huawei, birgə yeni sənaye ittifaqları quraraq daxili ekosistemin inkişafını hədəfləyirlər.
Bu təşəbbüslər, iyulun 26-dan 29-na kimi Şanxayda keçirilən “Süni İntellekt üzrə Dünya Konfransı” ilə eyni vaxta təsadüf etdi. Tədbirdə Huawei-nin CloudMatrix 384 adlı yeni süni intellekt hesablama sistemi təqdim olundu. Bu sistemdə 384 ədəd 910C çipi istifadə olunur və bəzi göstəricilərə görə ABŞ-nin Nvidia şirkətinin ən son məhsulunu belə geridə qoyur.
Yeni yaradılan "Model-Çip Ekosisteminin İnnovasiya İttifaqı", Çində fəaliyyət göstərən böyük dil modelləri (LLM) və süni intellekt çip istehsalçılarını bir araya gətirir. Enflame şirkətinin baş direktoru Zhao Lidong bildirib ki, bu ittifaq “çiplərdən tutmuş modellərə və infrastrukturadək tam texnologiya zəncirini birləşdirən innovativ bir ekosistemdir.” İttifaqda Huawei, Biren və Moore Threads kimi ABŞ sanksiyalarına məruz qalmış GPU istehsalçıları da yer alır.
Eyni zamanda, Şanxay Ümumi Ticarət Palatasının Süni İntellekt Komitəsi də fəaliyyətə başlayıb. Bu birlik süni intellekt texnologiyalarının sənaye transformasiyası ilə daha dərindən inteqrasiyasını hədəfləyir. İştirakçılar arasında ABŞ tərəfindən sanksiyaya məruz qalmış SenseTime, eləcə də LLM sahəsində çalışan StepFun və MiniMax, çip istehsalçıları Metax və Iluvatar CoreX kimi adlar var.
Konfransda eyni zamanda digər diqqətçəkən texnologiyalar da nümayiş olunub:
- Tencent, istifadəçilərə mətn və ya şəkil vasitəsilə interaktiv 3D mühit yaratmağa imkan verən Hunyuan3D World Model 1.0 açıq mənbə platformasını təqdim edib.
- Baidu isə cəmi 10 dəqiqəlik video nümunəsindən insan səsinin, intonasiyasının və bədən dilinin klonlanması ilə virtual aparıcılar yaratmağa imkan verən “rəqəmsal insan” texnologiyasını elan edib.
- Alibaba isə Quark AI Eynəklərini təqdim edib. Bu eynəklər Qwen süni intellekt modeli ilə işləyir və istifadəçilərə səsli əmrlərlə xəritə xidmətlərindən və Alipay ödəniş sistemindən istifadə etməyə imkan verir. Eynəklərin 2025-ci ilin sonuna qədər Çin bazarına çıxması gözlənilir.
Bütün bu yeniliklər göstərir ki, Çin şirkətləri texnoloji sferada müstəqillik əldə etməyə və beynəlxalq səviyyədə rəqabətə davamlı sistemlər qurmağa sadiqdirlər. Bu isə həm texnoloji, həm də geosiyasi baxımdan əhəmiyyətli bir tendensiyanı ortaya qoyur.