Qazaxıstanın EdTech şirkəti CodiPlay-in qurucusu və baş direktoru Janadil Taldıbayev yeni qlobal startapı – Paradigm Shift-in əsasını qoymaq və ona rəhbərlik etmək üçün vəzifəsindən ayrılır. Yeni şirkət dövlət sektorunu dəyişdirmək məqsədilə qabaqcıl süni intellekt (AI) həlləri hazırlayacaq.
Taldıbayevin rəhbərliyi ilə CodiPlay sıfırdan $100 milyon dəyərində olan şirkətə çevrilib. Hazırda 13 ölkədə 1200-dən çox məktəbi əhatə edən şirkət, bir milyondan artıq şagirdə rəqəmsal bacarıqlar öyrədib. CodiPlay həmçinin BMT tərəfindən rəqəmsal ictimai sərvət kimi tanınıb.
Taldıbayevin ayrılmasından sonra CodiPlay-in baş direktoru vəzifəsinə informasiya texnologiyaları və süni intellekt sahəsində uzun illərin təcrübəsinə malik olan ekspert Danabek Kaliajdarov təyin edilib.