Blokçeyn monitorinq şirkətlərinin məlumatına görə, il ərzində xakerlər ümumilikdə 2,7 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlayıblar. Bu, həm 2024-cü ilin (2,2 milyard dollar), həm də 2023-cü ilin (2 milyard dollar) göstəricilərini geridə qoyaraq sektor tarixində ən yüksək rəqəm kimi qeydə alınıb.
İlin ən böyük kiber-soyğunu Dubay mərkəzli Bybit birjasında baş verib. Xakerlər bu birjadan təxminən 1,4 milyard dollar oğurlamağa nail olublar ki, bu da bəşər tarixinin ən böyük maliyyə soyğunlarından biri hesab edilir. FTB və müstəqil blokçeyn analitikləri bu hücumda Şimali Koreya hökumətinə bağlı xaker qruplarını günahlandırırlar. Ümumilikdə, 2025-ci ildə oğurlanan vəsaitin 2 milyard dollardan çoxu məhz Kim Çen In administrasiyasının nəzarətindəki xakerlərin payına düşüb. Məlumata görə, Şimali Koreya bu vəsaitləri öz nüvə proqramını maliyyələşdirmək üçün istifadə edir.
Digər iri miqyaslı hücumlar arasında "Cetus" mərkəzsizləşdirilmiş birjasından (223 milyon dollar), "Balancer" protokolundan (128 milyon dollar) və "Phemex" birjasından (73 milyon dollar) edilən oğurluqlar yer alır. "Chainalysis" və "TRM Labs" kimi aparıcı təhlükəsizlik şirkətləri xəbərdarlıq edir ki, kiber-cinayətkarların kripto-birjalara və DeFi layihələrinə olan marağı azalmır, əksinə hücumların miqyası hər il daha da genişlənir.
