Az | EN

Demoqrafik böhrana görə Yaponiya tanışlıq tətbiqlərinə subsidiya verir

Cəmil Hüseynzadə
05 May 2026 11:58
39 baxış
Demoqrafik böhrana görə Yaponiya tanışlıq tətbiqlərinə subsidiya verir

Yaponiyanın Koti prefekturası gəncləri tanışlıq tətbiqlərindən istifadə etməyə təşviq etmək üçün maliyyə dəstəyi proqramına başlayıb. 20–39 yaş arası şəxslər, o cümlədən Tapple kimi platformalarda qeydiyyat xərclərini qarşılamaq üçün 20 min yenə (təxminən 125 dollar) qədər subsidiya ala biləcəklər.

Rəsmilər bildirir ki, bu məbləğ illik abunə haqqını demək olar tam qarşılayır. Layihənin effektivliyi sonradan istifadəçilər arasında sorğular vasitəsilə qiymətləndiriləcək. Qeyd olunur ki, Koti prefekturası ötən ilin dekabrında Tapple ilə əməkdaşlığa başlayaraq daha təhlükəsiz onlayn tanışlıq mühitinin yaradılmasını hədəfləyib.

Oxşar təşəbbüslər Miyazaki prefekturası kimi digər bölgələrdə də tətbiq olunub, lakin orada subsidiya məbləği daha az — 10 min yenə qədərdir. Sosial şəbəkələrdə təşəbbüsə münasibət birmənalı deyil: bəziləri bunu müsbət addım hesab etsə də, digərləri maliyyə çətinlikləri, uzun iş saatları və uşaq böyütməyin baha başa gəlməsi kimi əsas problemlərin həll olunmadığını vurğulayır.

Statistikaya görə, Yaponiyada gənclər arasında tanışlıq tətbiqləri artıq geniş yayılıb. 2024-cü il sorğusuna əsasən, 39 yaşdan aşağı evli şəxslərin təxminən dörddə biri həyat yoldaşı ilə məhz onlayn tanış olub. Bununla belə, Yaponiya ciddi demoqrafik problemlərlə üzləşir: 2024-cü ildə doğum sayı rekord səviyyədə azalaraq 686 mindən bir qədər çox olub, ölüm sayı isə 1,5 milyonu keçib. Bu, ölkədə əhalinin ardıcıl 16-cı il azalması deməkdir.

Hakimiyyət orqanları doğum səviyyəsini artırmaq üçün müxtəlif tədbirlər — uşaq baxçası imkanlarının genişləndirilməsi, mənzil subsidiyaları və hətta dövlət tərəfindən idarə olunan tanışlıq tətbiqləri — tətbiq etməyə davam edir.

© copyright 2022 | tech.az | info@tech.az