ABŞ-də geniş yayılmış “operator sərmayəçilər” – yəni keçmiş startap təsisçilərinin yaratdığı və idarə etdiyi vençur kapital fondları – Avropada da sürətlə populyarlaşır. Avropada uzun illər vençur kapitalistləri əsasən bank və maliyyə sektorundan gəlirdi, lakin son illər bu tendensiya dəyişməkdədir. Bu dəyişimin nümunələri sırasında Wise-un təsisçisi Taavet Hinrikus, Glovo-nun qurucusu Oscar Pierre (Yellow Fund) və Pitch-in banisi Christian Reber yer alır.
Bu tendensiyanın davamı olaraq, 2018-ci ildə MuleSoft şirkətini Salesforce-a 6,5 milyard dollara satan Ross Mason Dig Ventures fondunu əvvəlcə ailə büdcəsi əsasında qurdu, daha sonra isə onu tam hüquqlu vençur investisiya fonduna çevirdi. Ona bu prosesdə MuleSoft-un keçmiş Böyük Britaniya üzrə satış rəhbəri və hazırkı Dig partnyoru Melissa Klinger dəstək oldu.
Dig Ventures hazırda 100 milyon dollar həcmində ikinci fondunu, həm də ilk institusional fondunu ictimaiyyətə təqdim edib. Bu fond vasitəsilə Avropada yerləşən, erkən mərhələdə olan B2B SaaS, süni intellekt və bulud texnologiyaları üzrə çalışan startaplara sərmayə yatırılması planlaşdırılır. Eyni zamanda, ABŞ və İsraildə yerləşən seçilmiş layihələrə də maraq göstərilir.
Yeni fondun əsas sərmayəçiləri arasında The Hillman Company, Granite Capital, Sofina və Grove Street kimi tanınmış qurumlar yer alır. Eyni zamanda, Datadog-un təsisçisi Olivier Pomel və MuleSoft şirkətinin keçmiş rəhbərləri də bu fonda dəstək verənlər sırasındadır.
Dig Ventures-in əsas üstünlüyü onun operatorlardan ibarət komandaya sahib olmasıdır. Fond yalnız maliyyə dəstəyi verməklə kifayətlənmir, həm də startaplara məhsulun bazara çıxarılması, satış strategiyasının hazırlanması və icrası ilə bağlı real əməli dəstək göstərir. Ross Mason və Melissa Klinger-ə bu prosesdə YPlan-in təsisçisi və Lightspeed Capital-ın keçmiş tərəfdaşı Rytis Vitkauskas, həmçinin Stackin’ və Uproxx-un həmtəsisçisi Scott Grimes qoşulub.
Hazırda fondun portfelində People.ai, Karat, Bubble, ComplyAdvantage, PlanetScale, Rasa, Taktile, Rossum, Flock və Prophecy kimi tanınmış startaplar mövcuddur. Yeni fondla isə artıq ilk sərmayələr yatırılıb: müşahidə platforması Dash0, süni intellektin inteqrasiyası üzrə ixtisaslaşmış Nexos.ai və müəssisələr üçün proqram inteqrasiyası təqdim edən PolyAPI layihələri maliyyə dəstəyi alıblar.
Ross Mason bildirib ki, MuleSoft-dan sonra Avropaya qayıdaraq operatorlar tərəfindən idarə olunan bir fond qurmaqda böyük potensial görüb və digər fondlara nisbətən təsisçilərlə daha tez və daha erkən mərhələdə əlaqə qurma strategiyasını uğurla tətbiq ediblər. Melissa Klinger isə bildirib ki, yüksək texnoloji məhsulları bazara uyğunlaşdırmaq və onları uğurla təqdim etmək bu fondun əsas güclü tərəflərindən biridir.
Klinger eyni zamanda Avropanın süni intellekt sahəsində gözlənilməz gücə malik olduğunu vurğulayıb. Onun fikrincə, Avropada ABŞ ilə müqayisədə yarı qiymətə yüksək ixtisaslı mütəxəssislər var və universitetlərdən çıxan elmi tədqiqatlar son dərəcə potensiallıdır. Çətinlik isə, kifayət qədər vəsaitin cəlb olunmasındadır.
ABŞ-də Peter Thiel, Paul Graham və Marc Andreessen kimi keçmiş təsisçilər çox uğurlu vençur kapitalistlərinə çevriliblər. Hal-hazırda isə Avropada eyni tendensiya inkişaf edir və bu da operator VClər üçün yeni imkanların başlanğıcı ola bilər.