Az | EN

OpenAI süni intellekt çiplərinin kütləvi istehsalına başlayır

Nigar Sultanli
05 Sentyabr 2025 14:13
46 baxış
OpenAI süni intellekt çiplərinin kütləvi istehsalına başlayır

OpenAI, getdikcə artan hesablama gücü tələbatını qarşılamaq və Nvidiyadan asılılığını azaltmaq məqsədilə ilk dəfə öz süni intellekt (Sİ) çipini istehsal etməyə hazırlaşır.

Mənbələrə görə, OpenAI bu çipi ABŞ-nin yarımkeçirici nəhəngi Broadcom ilə birlikdə hazırlayır və məhsulların gələn il satışa çıxarılması planlaşdırılır. Broadcom-un baş icraçı direktoru Hock Tan cümə axşamı verdiyi açıqlamada yeni bir müştəridən 10 milyard dollarlıq sifariş aldıqlarını bildirib. Mənbələr isə bu müştərinin OpenAI olduğunu təsdiqləyib.

OpenAI-nin bu addımı, daha əvvəl Google, Amazon və Meta kimi texnologiya nəhənglərinin də tətbiq etdiyi bir strategiyadır. Bu şirkətlər də Sİ iş yüklərini idarə etmək üçün özəl çiplər hazırlamışdı. Broadcom tərəfindən istehsal olunacaq bu yeni çiplər, Nvidia və AMD-nin standart GPU-larından fərqli olaraq “XPU” adlandırılır.

Broadcom-un gəlir hesabatları, şirkətin özəl Sİ çiplərinə olan tələbatın olduqca yüksək olduğunu göstərib. Bu xəbərlərin ardından şirkət səhmlərinin birjada dəyəri 4,5% artıb. HSBC analitikləri, 2026-cı ildə Broadcom-un özəl çip biznesinin Nvidia-nın GPU satışlarından daha sürətli inkişaf edə biləcəyini proqnozlaşdırır.

OpenAI ilə Broadcom arasında keçən il başlayan əməkdaşlıq məlum olsa da, uğurlu bir çip dizaynının kütləvi istehsala nə vaxt keçəcəyi indiyə qədər bəlli deyildi. Broadcom-un açıqlamaları ilə bu prosesin gələn ildən etibarən başlaması gözlənilir.

OpenAI-nin baş icraçı direktoru Sem Altman həm ChatGPT kimi məhsulların istifadəçi sayının artması, həm də yeni modellərin təlimi üçün daha çox hesablama gücünə ehtiyac duyduqlarını tez-tez vurğulayır. Şirkət, Nvidia-nın Sİ çiplərindən istifadə edən ilk müştərilərdən biri olub və zamanla ən böyük aparat istehlakçılarından birinə çevrilib.

Bu addım, OpenAI-nin təkcə proqram təminatında deyil, həm də aparat sahəsində öz ayaqları üzərində durmaq səyini göstərir. Hazırda Nvidia bazarda lider mövqeyini qorusa da, OpenAI-nin bu təşəbbüsü süni intellekt aparatları yarışında güc balansını dəyişə bilər.

© copyright 2022 | tech.az | info@tech.az