Az | EN

Disney OpenAI-a 1 milyard dollar investisiya etdi

Nigar Sultanli
12 Dekabr 2025 11:21
36 baxış
Disney OpenAI-a 1 milyard dollar investisiya etdi

Disney şirkəti yeni lisenziya razılaşması çərçivəsində OpenAI-a səhm qarşılığında 1 milyard dollar dəyərində investisiya etdiyini açıqlayıb.

İmzalanan bu strateji müqaviləyə əsasən, Disney korporativ səviyyədə ChatGPT də daxil olmaqla, OpenAI-ın bir çox alətindən limitsiz istifadə hüququ qazanır. Bunun qarşılığında isə OpenAI-ın video yaratma tətbiqi olan Sora istifadəçiləri gələn ildən etibarən Disney-ə məxsus personajları öz məzmunlarında qanuni şəkildə istifadə edə biləcəklər.

Üç ili əhatə edən bu lisenziya müqaviləsinə təxminən 200 klassik Disney personajı, eləcə də Marvel, Star Wars və Pixar-ın məşhur qəhrəmanları daxildir.

Qeyd edək ki, lisenziyasız süni intellekt məzmunları son vaxtlar Disney üçün ciddi problemə çevrilmişdi. Şirkət bundan əvvəl Midjourney platformasını məhkəməyə vermiş, Character AI xidmətinə isə rəsmi xəbərdarlıq göndərmişdi. Hətta cəmi iki gün əvvəl Google şirkətinə də xəbərdarlıq məktubu ünvanlanmış, texnologiya nəhəngi Disney-in müəllif hüquqları ilə qorunan əsərlərini süni intellektin təlimində icazəsiz istifadə etməkdə günahlandırılmışdı.

© copyright 2022 | tech.az | info@tech.az