Nvidia GeForce NOW xidmətinin bəzi istifadəçilərinə aid məlumatların sızdığını təsdiqləyib. Şirkətin açıqlamasına görə, insident Nvidia-nın öz infrastrukturunda deyil, Ermənistanda fəaliyyət göstərən regional tərəfdaş - GFN.am operatorunun sistemlərində baş verib.
Məlumat sızması barədə ilk xəbərlər haker forumlarından birində yayımlanan paylaşım sonrası ortaya çıxıb. “ShinyHunters” ləqəbli istifadəçi milyonlarla GeForce NOW hesabına çıxış əldə etdiyini iddia edib. Daha sonra isə paylaşımın həmin qrupla əlaqəsi olmayan şəxs tərəfindən edildiyi ehtimalı irəli sürülüb.
Hakerlərin yaydığı məlumata əsasən, bazada istifadəçilərin ad və soyadları, elektron poçt ünvanları, istifadəçi adları, doğum tarixləri, abunə statusu və iki mərhələli doğrulama məlumatları yer alıb. Bazanın bir hissəsi nümunə kimi paylaşılıb, tam məlumat bazası isə 100 min dollar qarşılığında Bitcoin və ya Monero ilə satışa çıxarılıb. Hazırda həmin elan forumdan silinib.
Nvidia bildirib ki, şirkətin birbaşa idarə etdiyi xidmətlər bu hadisədən təsirlənməyib. Araşdırma nəticəsində məlum olub ki, hücum yalnız GeForce NOW Alliance proqramı çərçivəsində fəaliyyət göstərən Ermənistan tərəfdaşının sistemlərini əhatə edib. Şirkət GFN.am ilə birlikdə insidentin nəticələrinin aradan qaldırılması və istifadəçilərin məlumatlandırılması istiqamətində işləyir.
GFN.am da kiberhücumu təsdiqləyib və bildirib ki, hücum martın 20-dən 26-dək davam edib. Operatorun məlumatına görə, Google hesabı ilə qeydiyyatdan keçən istifadəçilərin tam adı, elektron poçt ünvanı, mobil operator vasitəsilə qeydiyyat zamanı telefon nömrəsi, doğum tarixi və istifadəçi adı sızmış ola bilər. Şirkət hesab parollarının oğurlanmadığını vurğulayıb.
Bundan əlavə, GFN.am qeyd edib ki, martın 9-dan sonra qeydiyyatdan keçən istifadəçilər insidentdən təsirlənməyib. Nvidia-nın yardım səhifəsində göstərilir ki, GFN.am yalnız Ermənistanda deyil, regionun digər ölkələrində də GeForce NOW xidmətini idarə edir. Lakin sızmanın başqa ölkələrə təsir edib-etmədiyi hələlik məlum deyil.
