OpenAI şirkəti korporativ müştərilər üçün süni intellekt həllərinin tətbiqini sürətləndirmək məqsədilə yeni şirkət yaradıb. “OpenAI Deployment Company” adlanan qurumun fəaliyyətə başlaması üçün ümumilikdə 4 milyard dollar investisiya cəlb edildiyi bildirilir.
Şirkət bazara daha sürətli çıxış etmək üçün 2023-cü ildə yaradılmasına dəstək verdiyi Tomoro konsaltinq şirkətini də satın alacaq. Məlumata görə, Tomoro-nun heyətindən təxminən 150 təcrübəli mütəxəssis yeni struktura cəlb olunacaq.
Yeni təşkilat iri korporativ müştərilərə süni intellekt sistemlərinin qurulması və tətbiqində kömək göstərəcək. Bunun üçün şirkət müştərilərə xüsusi AI mühəndisləri ayıracaq, həmçinin müxtəlif sahələrdə süni intellektin ən böyük təsir göstərə biləcəyi istiqamətləri müəyyənləşdirmək üçün digər şirkətlərlə əməkdaşlıq edəcək.
Məlumata görə, OpenAI bu addımla korporativ AI bazarında əsas rəqiblərdən biri olan Anthropic ilə rəqabəti gücləndirməyi hədəfləyir. “Financial Times”ın yazdığına görə, OpenAI 2026-cı ilin sonuna qədər əməkdaş sayını 4500-dən 8000-ə çatdırmağı planlaşdırır. Şirkət gəlirlərinin təxminən yarısının biznes müştərilərdən gələcəyini proqnozlaşdırır. Hazırda bu göstərici 40% civarındadır.
Qeyd edək ki, OpenAI aprel ayında keçirilən investisiya raundunda 852 milyard dollar dəyərləndirmə ilə 122 milyard dollar investisiya cəlb etmişdi. Anthropic isə 2026-cı ilin fevralında baş tutan son maliyyələşmə mərhələsində 380 milyard dollar dəyərləndirmə ilə 30 milyard dollar investisiya alıb.
