Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələri sırasında Bakı şəhərində yerləşəcək elmi-texnoloji parkın inşası xüsusi yer tutur. İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan bu layihə, "Ağ şəhər" ərazisində (Xətai rayonu) yüksək texnologiyalar parkının yaradılmasını nəzərdə tutur. Məqsəd insan kapitalının inkişafı, elmi-tədqiqatların dəstəklənməsi, akademiya-sənaye əməkdaşlığının gücləndirilməsi və innovasiya yönümlü iş yerlərinin formalaşdırılmasıdır. Layihə üç mərhələdən ibarətdir, artıq birinci mərhələnin icrasına başlanılıb. Növbəti mərhələlər özəl tərəfdaşların iştirakı ilə reallaşdırılacaq və texnopark 30 il ərzində idarə olunduqdan sonra Elm və Təhsil Nazirliyinə təhvil veriləcək. İqtisadiyyat Nazirliyi layihəyə maraqlı olan investorları niyyət məktubu təqdim etməyə dəvət edir. Müraciətlər 60 iş günü ərzində [email protected] ünvanına göndərilməlidir.