Telegram iOS və Android platformaları üçün yeni yeniləmə yayımlayıb. Yenilənmiş versiyada istifadəçilər üçün bir sıra maraqlı və faydalı funksiyalar təqdim olunub.
Ən diqqətçəkən yeniliklərdən biri süni intellekt əsaslı mesaj redaktorudur. Bu alət istifadəçilərə yazdıqları mətnləri avtomatik olaraq düzəltmək, üslubunu dəyişmək və müxtəlif dillərə tərcümə etmək imkanı verir. Funksiyanın aktivləşməsi üçün isə ən azı üç sətir mətn daxil etmək tələb olunur.
Bundan əlavə, istifadəçilər artıq cihaz yaddaşından birbaşa musiqi fayllarını profilə əlavə edə bilirlər. Yeni axtarış imkanı sayəsində saxlanılmış trekləri açar sözlər və ya simvollar vasitəsilə tapmaq da mümkün olacaq.
Yeniləmə çərçivəsində sorğular (pollar) da təkmilləşdirilib. Artıq istifadəçilər sorğulara mətn təsvirləri və şəkillər əlavə edə bilərlər. Qrup çatlarında iştirakçılar mövcud sorğulara öz cavab variantlarını təklif edə və konkret seçimlərə ayrıca səs verə bilirlər.
Dizayn baxımından da dəyişikliklər edilib – mention və reaksiyalar üçün indikatorlar yenilənib. İstifadəçinin yaratdığı sorğularda yeni səslər haqqında bildirişlər artıq birbaşa çat siyahısında görünür.

Digər yeniliklər arasında Live Photo dəstəyi, başqalarının botlarının fərdiləşdirilmiş versiyalarını işə salmaq imkanı, kamera vasitəsilə sənədlərin skan edilməsi və bir neçə şəkli birləşdirərək PDF faylı yaratmaq funksiyaları yer alır.
Həmçinin rəsmi versiyada istifadəçilərə qarşı tərəfin üçüncü tərəf tətbiqindən istifadə etdiyi barədə xəbərdarlıq sistemi də əlavə olunub.
