Formula 1 üzrə keçmiş dünya çempionu Niko Rosberq təsisçisi olduğu Rosberg Ventures üçün 100 milyon dollarlıq yeni investisiya fondu cəlb edib. Bununla da Rosberq idmandan texnologiya investisiyalarına keçid edən və bu sahədə ən böyük fondları idarə edən tanınmış simalardan birinə çevrilib.
Şirkətin açıqlamasına görə, Rosberg Ventures yanvar ayında üçüncü fondunu bağlayaraq ümumilikdə 200 milyon dollarlıq aktiv həcminə çatıb. Hazırda Monakoda yaşayan Rosberq fondun həm qurucusu, həm də əsas investorudur.
Böyük investisiya fondları ilə birbaşa rəqabətə girməyən şirkət əməkdaşlığa əsaslanan strategiya izləyir və adətən investisiya turlarında iştirak etdiyi startaplara 2–5 milyon dollar həcmində sərmayə yatırır.
2016-cı ildə Formula 1 üzrə dünya çempionu olduqdan sonra peşəkar karyerasını başa vuran Rosberq hazırda investor kimi fəaliyyət göstərir. O, strategiyasını belə izah edib: “Bu sahəyə girib dərhal Manchester City-ni geridə qoyacağımı düşünə bilmərəm.”
Lüksemburqda yerləşən Rosberg Ventures süni intellekt, proqram təminatı, blokçeyn, məhsuldarlıq və iqlim texnologiyaları sahələrinə fokuslanır. Fond əsasən erkən mərhələli startaplara investisiya edir və portfelində SpaceX və Lyft kimi şirkətlər yer alır.
