Günel Mavlıyarova “PAŞA Bank” ASC-nin Marketinq departamentinə direktor təyin olunub. Sözügedən vəzifə indiyədək vakant olub. Bundan əvvəl bu vəzifədə çalışan Zara İbrahimzadə isə Bankın Baş İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin edilib.
G.Mavlıyarova yeni vəzifəsinə qədər “Birbank” ekosistemində marketinq üzrə məsləhətçi kimi fəaliyyət göstərib. Daha əvvəl isə uzun müddət — 2014–2025-ci illər ərzində “Kapital Bank” ASC-də çalışaraq Marketinq üzrə Mükəmməllik Mərkəzinə (Marketing CoE) rəhbərlik edib.
Onun rəhbərliyi dövründə data əsaslı marketinq strategiyaları tətbiq olunub, rəqəmsal transformasiya layihələri həyata keçirilib, bir sıra uğurlu bank məhsulları bazara təqdim edilib. Həmçinin mobil bankçılıq tətbiqinin istifadəyə verilməsi, brend portfelinin idarə olunması, media əlaqələri və korporativ sosial məsuliyyət layihələrinin icrası onun əsas fəaliyyət istiqamətləri arasında olub.
Günel Mavlıyarova təhsilini Maastricht School of Management-də başa vuraraq Biznesin idarəedilməsi üzrə magistr dərəcəsi (MBA) əldə edib.
