Az | EN

“Figma”nın səhmləri IPO-dan sonra 27% ucuzlaşıb

Nigar Sultanli
05 Avqust 2025 11:17
100 baxış
“Figma”nın səhmləri IPO-dan sonra 27% ucuzlaşıb

Figma şirkətinin səhmləri  4 avqust 2025-ci il tarixində 27% düşərək bir səhm üçün 88,6 dollara enib. 1 avqustda bu göstərici 122 dollar idi. Beləliklə, şirkətin bazar kapitalizasiyası təxminən 56 milyard dollar səviyyəsinə düşüb. Buna baxmayaraq, bu dəyər Adobe-nin 2022-ci ildə Figma-nın aktivləri üçün təklif etdiyi məbləğdən üç dəfə yüksəkdir, CNBC qeyd edir.

Figma 30 iyul 2025-ci ildə IPO keçirib və həmin zaman 37 milyon səhm 33 dollar qiymətində satılıb. Növbəti gün, yəni 31 iyulda Nyu-York Fond Birjasında aksiyaların qiyməti sürətlə qalxaraq 85 dollara, əsas sessiyanın sonunda isə 115,5 dollara çatıb. Daha sonra isə səhm qiyməti 147,89 dollara qədər yüksəlib.

Kryptostartap Armor Labs-in təsisçisi Con Van hesab edir ki, Figma-nın aksiyalarının IPO-da aşağı qiymətləndirilməsi bazardakı həvəskarlıqdan yox, məqsədli strategiyadan irəli gəlib. Onun fikrincə, investisiya bankları səhm qiymətini süni şəkildə aşağı salıblar ki, öz əsas müştəriləri ilkin günlərdə qiymət artımından böyük gəlir əldə etsin.

Bloomberg-ə danışan mənbə bildirir ki, IPO qiymətinin daha yüksək təyin olunması variantı müzakirə olunub, lakin şirkətin həmtəsisçisi və rəhbəri Dilan Fild 33 dollar qiymətində qərar verib. Bunun məqsədi isə uzunmüddətli institusional investorların cəlb edilməsidir.

Bu vəziyyət Figma-nın bazardakı mövqeyini və investisiya strategiyasını göstərmək baxımından maraqlı nümunədir.

© copyright 2022 | tech.az | info@tech.az