Instagram istifadəçilərin Meta-nın ağıllı eynəkləri ilə gizli şəkildə çəkib paylaşdığı videolara qarşı yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Bu barədə Instagram-ın rəhbəri Adam Mosseri məlumat verib. Onun sözlərinə görə, platforma insanları alçaldan, istismar edən və onların razılığı olmadan gizli şəkildə çəkilərək paylaşılan məzmunu bloklayacaq. Yeni qaydalar xüsusilə küçədə tanımadığı insanları gizli şəkildə çəkərək yayımlayan və "pickup" (tanışlıq) videoları hazırlayan hesabları hədəf alır.
Mosseri bildirib ki, Instagram istifadəçilərin başqalarını gizli şəkildə çəkməsini, onları təhqir etməsini və sonradan həmin videoları platformada paylaşmasını qəbul etmir.
Şirkət yeni siyasət çərçivəsində neçə videonun silindiyini açıqlamayıb. Lakin Business Insider yazır ki, 1 milyondan çox izləyicisi olan iki məşhur "pickup" hesabı artıq platformadan silinib. Meta həmin hesabların yeni qaydaları pozduğu üçün deaktiv edildiyini təsdiqləyib.
Meta-nın ağıllı eynəklərində video çəkilişi zamanı yanan xüsusi LED indikator mövcuddur. Bununla belə, bəzi istifadəçilər bu işığı söndürmək və ya sıradan çıxarmaq yollarını tapıblar. Şirkət buna qarşı tədbir olaraq indikatorun söndürüldüyü və ya zədələndiyi hallarda kameranı avtomatik deaktiv edən yeni təhlükəsizlik mexanizmi tətbiq etdiyini bildirib.
