Az | EN

Yenidən PUA hücumu Wildberries anbarını vurdu

Cəmil Hüseynzadə
24 İyul 2026 11:36
63 baxış
Yenidən PUA hücumu Wildberries anbarını vurdu

Rusiyanın Leninqrad vilayətində yerləşən Wildberries marketpleysinin anbarı pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hücumdan sonra anbarda yanğın baş verib.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, hadisə Vsevolojsk rayonunun Novosaratovka kəndindəki logistika anbarında qeydə alınıb. Onun sözlərinə görə, nəticədə üç nəfər xəsarət alıb və onların vəziyyəti orta ağır qiymətləndirilir.

Eyni zamanda, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov pilotsuz aparatların şəhərdə mülki infrastruktur obyektlərini hədəf aldığını açıqlayıb.

RWB (Wildberries və Russ şirkətlərinin birgə müəssisəsi) təhlükəsizlik tələblərinə uyğun olaraq Şuşarı qəsəbəsində yerləşən logistika mərkəzinin fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.

Hücumun logistika fəaliyyətinə və infrastrukturun vəziyyətinə təsiri ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Yerli KİV-lərin məlumatına görə, Moskva şossesinin Şuşarı hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, şəhər xidmətləri isə hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparır.

Bundan əlavə, 24 iyul gecəsi RWB Simferopol şəhərində yerləşən çeşidləmə mərkəzinin də təxliyə edildiyini açıqlayıb. Bəzi Telegram kanalları burada da yanğın baş verdiyini iddia etsə də, yerli hakimiyyət orqanları və şirkət tərəfindən bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

© copyright 2022 | tech.az | info@tech.az