Telegram platformasının təsisçisi Pavel Durov Gürcüstanın biznes üçün əlverişli mühiti və sürətli iqtisadi inkişafını yüksək qiymətləndirib.
Durov sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Gürcüstan təkcə qonaqpərvər insanları, qədim mədəniyyəti, milli mətbəxi və təbiəti ilə deyil, həm də biznesə yönəlik dövlət siyasəti ilə diqqət çəkir.
Onun sözlərinə görə, ölkədə tətbiq olunan biznes dostu siyasətlər sayəsində Gürcüstan regionun əsas biznes mərkəzlərindən birinə çevrilməkdədir.
Durov qeyd edib ki, son beş ildə Gürcüstan iqtisadiyyatı iki dəfə böyüyüb və hazırda illik təxminən 8% artım tempini qoruyur. O, əlavə edib ki, beynəlxalq texnologiya şirkətləri üçün ölkədə 0% korporativ vergi, dividend və əməkhaqqı üzrə isə cəmi 5% vergi tətbiq olunur.
Telegram-ın təsisçisi Gürcüstanın həm səyahət, həm də biznes qurmaq üçün kifayət qədər qiymətləndirilmədiyini vurğulayaraq, ölkəyə yaxın zamanda yenidən qayıdacağını bildirib.
"Gürcüstan ziyarət etmək və biznes qurmaq üçün ciddi şəkildə dəyərləndirilməyən ölkədir. Çox yaxın zamanda yenidən qayıdacağam", – deyə Pavel Durov paylaşımında qeyd edib.
