Google ABŞ-nin iflas etmiş Spirit Airlines aviaşirkətinin məlumat bazasını 10 milyon dollara satın almaq barədə razılığa gəlib. Şirkətin məlumatlarından Google-un məhsullarını və süni intellekt modellərini təkmilləşdirmək üçün istifadə ediləcəyi bildirilir.
Spirit Airlines may ayında bütün uçuşlarını dayandırıb və o vaxtdan etibarən iflas prosesi çərçivəsində aktivlərini satır. Satışa təyyarələr və avadanlıqlarla yanaşı, şirkətin məlumat bazası da daxil edilib.
Məhkəməyə təqdim olunan sənədlərə əsasən, Google-un əldə etdiyi məlumatlara şirkətin e-poçtları və daxili yazışmaları, cədvəllər, bron və əməliyyat məlumatları, loyallıq proqramı məlumatları, eləcə də işçilərlə bağlı insan resursları məlumatları daxildir.
Google bildirib ki, satın alınan məlumat dəstindən fərdlərin kimliyini müəyyən etməyə imkan verən məlumatlar çıxarılıb və şirkət heç bir şəxsi məlumat əldə etməyəcək.
Google-un sözçüsü CNN-ə açıqlamasında bildirib ki, şirkət Spirit Airlines-dan məhsulların və AI modellərinin təkmilləşdirilməsinə kömək edə biləcək böyük korporativ məlumat dəstinin bir hissəsini əldə edib.
Aviaşirkətlər son illərdə süni intellektdən aviabiletlərin qiymətlərinin müəyyənləşdirilməsi və uçuş cədvəllərinin daha səmərəli planlaşdırılması üçün getdikcə daha çox istifadə edir.
Spirit Airlines məlumatlarına görə ikinci ən yüksək təklifi isə Mercor.io verib. Şirkət məlumat bazası üçün 7,5 milyon dollar təklif edib.
Satışla bağlı yekun qərarın çərşənbə günü iflas məhkəməsində hakim Sean Lane tərəfindən verilməsi gözlənilir.
Bu satış aviaşirkətin iflası baxımından da qeyri-adi hesab olunur. Adətən müflis olan aviaşirkətlər başqa bir aviaşirkət tərəfindən bütöv şəkildə satın alınır və onların məlumatları yeni şirkətin sistemlərinə inteqrasiya edilir. Spirit Airlines isə son 25 ildə ABŞ-də fəaliyyətini tamamilə dayandırmağa məcbur olan ilk böyük aviaşirkət olub.
