Az | EN

Google və Apple “IPhone”lara yeni süni intellekt imkanları üçün əməkdaşlığa hazırlaşırlar

Nigar Sultanli
01 May 2025 15:05
88 baxış
Google və Apple “IPhone”lara yeni süni intellekt imkanları üçün əməkdaşlığa hazırlaşırlar

Alphabet və Google şirkətlərinin CEO-su Sundar Pichai bu ilin ortalarına qədər Apple ilə Google-un Gemini süni intellekt (AI) texnologiyasının yeni iPhone modellərinə inteqrasiyası ilə bağlı razılıq əldə etməyə ümid etdiklərini bildirib.

Pichai bu barədə ABŞ Ədliyyə Nazirliyinin (DOJ) Vaşinqtonda keçirilən antiinhisar məhkəməsində ifadə verərkən danışıb. Məhkəmə, Google-un Apple, Samsung, AT&T və Verizon kimi texnologiya nəhənglərinə milyardlarla dollar ödəyərək yeni cihazlarda öz axtarış sistemini əsas seçim olaraq yerləşdirməsini mübahisələndirir.

DOJ-nin vəkillərindən Veronika Onyema-nın suallarını cavablandıran Pichai qeyd edib ki, Google hələ Apple ilə Gemini AI-nin iPhone cihazlarına daxil edilməsi üzrə rəsmi razılıq əldə etməyib. Lakin o, keçən il Apple CEO-su Tim Cook ilə bu məsələ barədə danışıqlar apardığını təsdiqləyib.

Əgər razılaşma baş tutarsa, Google-un süni intellekt texnologiyası Apple-ın özünün hazırladığı “Apple Intelligence” adlı AI xüsusiyyətlərinə inteqrasiya edilə bilər. Pichai həmçinin əlavə edib ki, Google yaxın gələcəkdə Gemini tətbiqində reklamları test etməyi də planlaşdırır.

Prokurorlar bu məhkəmədə Google-un onlayn axtarış sahəsindəki dominantlığını süni intellektə daşımağa çalışdığını göstərməyə çalışırlar. Keçən il ABŞ rayon hakimi Amit Mehta qərara almışdı ki, Google bu mövqeyini mobil istehsalçılarına və operatorlara ödəniş etməklə saxlayır.

İndi hakim Mehta Google-un rəqabəti bərpa etmək üçün hansı addımlar atmalı olduğunu qiymətləndirir. Bu qərar internetin gələcəyinə ciddi təsir göstərə və Google-un məlumat axtarışında əsas platforma kimi rolunu dəyişə bilər.

DOJ və müxtəlif ştatların baş prokurorları Google-un Chrome brauzerini satması, əsas axtarış motoru kimi seçilmək üçün ödəniş etməsinin qadağan olunması və axtarış məlumatlarını rəqiblərlə paylaşması kimi ciddi tədbirlər tələb edirlər.

Pichai bildirib ki, bu tip tədbirlər – xüsusilə axtarış indeksinin və sorğu məlumatlarının paylaşılması – şirkətin intellektual mülkiyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir: “Bu məlumatların əsasən kənardan Google axtarış sistemini təkrar qurmağa imkan verməsi onu son 20 ildə etdiyimiz kimi tədqiqat və inkişafa sərmayə yatırmağı qeyri-mümkün edər.”

Google bu iş üzrə yekun qərardan sonra apellyasiya şikayəti verməyi planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az