Harvard Universitetinin iki tələbəsi AnhPhu Nguyen və Caine Ardayfio, süni intellektə əsaslanan və həmişə aktiv olan yeni "ağıllı eynək" hazırlayıblar. "Halo" cihazı, onu taxan şəxsin bütün söhbətlərini dinləyir, yazır və sözləri mətnə çevirir. Bundan başqa, süni intellekt danışıqlara uyğun məlumatları real vaxtda birbaşa eynəyin ekranına çıxarır.
Layihənin həmtəsisçisi AnqFu Nguyenin sözlərinə görə, onların məqsədi eynəyi taxan kimi insanı "super ağıllı" edən texnologiya yaratmaqdır. Digər həmtəsisçi Keyn Ardayfio isə bu eynəyin istifadəçiyə "sonsuz yaddaş" verdiyini deyir. Məsələn, kimsə sizə çətin bir sual versə, cavab dərhal eynəyin ekranında görünəcək.
Tələbələr bu startap üçün 1 milyon dollar investisiya cəlb ediblər. Qiyməti 249 dollar olacaq "Halo X" eynəkləri artıq öncədən sifariş üçün satışa çıxarılıb.
Bu yeni texnologiya məxfilik sahəsində ciddi narahatlıqlar yaradır. Çünki "Halo X" eynəklərində qeydiyyat aparıldığını göstərən heç bir xarici işıq yoxdur. Yaradıcılar bu xüsusiyyəti eynəyin adi eynək kimi görünməsi üçün əlavə etdiklərini bildiriblər.
Bu isə digər insanların razılığı olmadan onların söhbətlərinin gizli şəkildə yazılmasına səbəb ola bilər ki, bu da bir çox ölkənin qanunlarına ziddir. Lakin tələbələr, bu məsuliyyətin tamamilə eynəyin istifadəçisinin üzərinə düşdüyünü deyirlər.
Mütəxəssislər, bu cür gizli qeydiyyat cihazlarının insanların ictimai yerlərdəki məxfilik gözləntilərinə zərər verəcəyindən narahatdırlar. Həmçinin, toplanan məlumatların harada saxlanıldığı və necə qorunduğu barədə də suallar yaranır. Şirkət məlumatların şifrələndiyini iddia etsə də, bu barədə konkret sübut təqdim etməyib.
Qeyd edək ki, bu tələbələr əvvəllər də mübahisəli layihələrlə tanınırdılar. Onlar, Meta-nın ağıllı eynəklərinə üz tanıma funksiyası əlavə edərək, yoldan keçən insanları icazəsiz şəkildə müəyyən edə biləcəklərini göstərmişdilər.
"Halo X" eynəkləri hazırda yalnız mikrofon və displeyə malikdir. Məlumatları emal etmək üçün smartfona qoşulur və Google-un "Gemini" və "Perplexity" süni intellekt platformalarından istifadə edir.