Az | EN

İlham Əliyev nazirliklərdə rəqəmsallaşma üzrə müavin təyin olunmasını tapşırdı

Cəmil Hüseynzadə
11 Fevral 2026 18:45
63 baxış
İlham Əliyev nazirliklərdə rəqəmsallaşma üzrə müavin təyin olunmasını tapşırdı

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən dövlət başçısı rəqəmsallaşma sahəsində işlərin daha sistemli və səmərəli təşkili üçün dövlət qurumlarında məsul şəxslərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev deyib: “Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.”

Dövlət başçısı qeyd edib ki, bu yanaşma dövlət qurumları arasında koordinasiyanı gücləndirəcək, rəqəmsal transformasiya prosesini sürətləndirəcək və kibertəhlükəsizlik sahəsində vahid idarəetmə mexanizminin formalaşmasına töhfə verəcək.

Müşavirədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

© copyright 2022 | tech.az | info@tech.az