Az | EN

Azərbaycanda startaplara investisiya mexanizmləri mövcud deyil

Cəmil Hüseynzadə
11 Fevral 2026 19:24
52 baxış
Azərbaycanda startaplara investisiya mexanizmləri mövcud deyil

Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri startap ekosisteminin inkişafı ilə bağlı mövcud çatışmazlıqlara diqqət çəkib.

Nazir bildirib ki, hazırda ölkədə startapların maliyyələşdirilməsi üçün yetərli və sistemli mexanizmlər mövcud deyil və bu sahədə hüquqi baza formalaşdırılmalıdır.

“Möhtərəm cənab Prezident, burada bizim diqqət yetirəcəyimiz kifayət qədər məsələlər var. Mən, sadəcə, bir neçəsini artıq Sizin diqqətinizə çatdırmaq istərdim. Bizim bu gün startapların maliyyələşməsini təmin edən maliyyə mexanizmlərimiz yoxdur. Bu, istər vençur olsun, kradfandinq olsun və sair. Bununla bağlı artıq qanun layihəsi var və fəaliyyət planında da nəzərdə tutulur ki, bu qanun layihəsi yaxın bir neçə ay ərzində qəbul edilsin. Qəbul edilərsə, faktiki olaraq bu günləri bizim bazarın potensialını əks etdirməyən cəmi 12 milyon manatlıq üç fond var. Yəni 12 milyon manat sərmayə yatıran mələk investorlardır. 12 milyon digər müxtəlif səviyyədə olan startaplara da yatırılacaq investisiyalardır ki, bu, bazarın inkişafı üçün yetərli deyil. Əgər belə bir mexanizm olarsa, mən əminəm ki, həm yerli investorlar və eyni zamanda, xaricdən fondları cəlb etməklə biz bazarın inkişafına kifayət qədər təkan vermiş olarıq.”

Nazirin Prezidentə məruzəsində investisiya imkanlarının genişləndirilməsi üçün dəstək məsələsini xüsusi vurğulaması, startapların maliyyələşməsi ilə bağlı mövcud boşluqların yaxın perspektivdə aradan qaldırılacağına dair gözləntiləri gücləndirir. Bu yanaşma göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə alətlərinin formalaşdırılması dövlət səviyyəsində diqqət mərkəzindədir və müvafiq mexanizmlərin yaradılması istiqamətində konkret addımların atılması nəzərdə tutulur.

© copyright 2022 | tech.az | info@tech.az