Az | EN

İngiltərə və OpenAI süni intellekt sahəsində strateji tərəfdaşlığa başlayır

Nigar Sultanli
23 İyul 2025 11:42
52 baxış
İngiltərə və OpenAI süni intellekt sahəsində strateji tərəfdaşlığa başlayır

İngiltərə hökuməti və süni intellekt sahəsində qlobal lider olan OpenAI, süni intellekt təhlükəsizliyi üzrə birgə tədqiqatları genişləndirmək və ölkənin süni intellekt infrastrukturu, o cümlədən məlumat mərkəzlərinə investisiya yatırmaq məqsədilə yeni strateji əməkdaşlıq sazişi imzalayıb.

Texnologiyalar üzrə nazir Piter Kayl bu əməkdaşlığı “ölkədə görmək istədiyimiz dəyişikliklər üçün süni intellektin əsas vasitə olacağı” kimi qiymətləndirib. O vurğulayıb ki, bu texnologiya səhiyyənin (NHS) təkmilləşdirilməsindən tutmuş iqtisadi artıma və sosial imkanlara çıxışın artırılmasına qədər geniş sahələrdə həlledici rol oynayacaq.

Nazir əlavə edib: “Bu dəyişikliklər, süni intellekt inqilabını irəli aparan OpenAI kimi şirkətlərsiz mümkün olmazdı. Bu əməkdaşlıq sayəsində onların fəaliyyətinin daha böyük hissəsi Birləşmiş Krallıqda həyata keçiriləcək.”

Hökumət növbəti beş il ərzində dövlətə məxsus hesablama gücünü 20 dəfə artırmağı və süni intellektin inkişafı üçün 1 milyard funt sterlinq investisiya yatırmağı planlaşdırır.

Tərəfdaşlıq çərçivəsində OpenAI Londondakı ofisini genişləndirəcək və ölkədə süni intellektin ədalət, müdafiə, təhlükəsizlik və təhsil texnologiyaları sahəsində tətbiqi istiqamətində araşdırmalar aparacaq.

OpenAI-nin baş direktoru Sem Altman isə Birləşmiş Krallığın süni intellekt texnologiyalarının potensialını ilk dərk edən ölkələrdən biri olduğunu bildirib və Baş nazir Keir Starmer-in ölkəni süni intellekt üzrə “super güc”ə çevirməyi hədəfləyən “Süni İntellekt İmkanları Fəaliyyət Planı”nı yüksək qiymətləndirib.

İngiltərə hökuməti hesab edir ki, süni intellekt texnologiyaları illik məhsuldarlığı 1.5% artıraraq, on il ərzində hər il 47 milyard funt sterlinq əlavə gəlir gətirə bilər.

Bu yeni tərəfdaşlıq süni intellektin təhlükəsiz, məsuliyyətli və səmərəli şəkildə inkişafına töhfə verməklə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda əhəmiyyətli nəticələr vəd edir.

© copyright 2022 | tech.az | info@tech.az