Az | EN

İnnovasiya Ekosistemində Pakistan: Yeni Perspektivlər

Cəmil Hüseynzadə
15 Oktyabr 2024 09:06
136 baxış
İnnovasiya Ekosistemində Pakistan: Yeni Perspektivlər

Pakistan ilə Azərbaycan arasındakı dostluq münasibətləri bütün sahələrdə sıxdır. Yaxın keçmişə baxanda bunun nə qədər əhəmiyyətli və dəyərli olduğunu görürük. Hər iki ölkə innovasiya ekosistemini inkişaf etdirir. Biz, Tech.az Media olaraq, ötən günlərdə Asiya İnkişaf Bankının dəstəyi ilə Pakistanın paytaxtı İslamabada səfər etdik. Səfərimizin əsas məqsədi “Pakistan Ventures Connect 2024” tədbirində iştirak etmək olsa da, ADB-nin təşəbbüsü ilə digər innovasiya mərkəzləri ilə də tanış olduq.

Əvvəlcə qeyd edim ki, Pakistan innovativ sahibkarlıq sahəsində sürətlə inkişaf edir. Startapların sayı, inkişafı və cəlb olunan investisiyalar bunu sübut edir.

National Incubation Center  
Ignite təşkilatı (İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyinə tabe olan qurum) tərəfindən İslamabad, Lahor, Kvettə, Kəraçi, Pişəvər, Heydərabad, Faysalabad (aqrotexnologiya üzrə) və Ravalpindi (kosmik texnologiyalar üzrə) şəhərlərində iki ixtisaslaşmış inkubator da daxil olmaqla səkkiz (8) Milli İnkubasiya Mərkəzi (NIC) yaradılıb. Bu mərkəzlərin əsas funksiyası gənclərin ideyalarını inkişaf etdirərək sürətlə böyüyən startaplar yaratmaqdır. Bizim olduğumuz NIC İslamabadda 327-dən çox startap inkubasiya proqramlarında iştirak edib və 150-dən çox startap uğurla qurulub. Mərkəzin əsas tərəfdaşları inkubasiya istiqamətində Founder Institute, akselerasiya istiqamətində isə MassChallenge-dir. Mərkəz startaplara yol xəritəsinin hazırlanması, mentorluq, co-working, hüquqi sənədləşmə, investor əlaqələri və s. kimi mühüm istiqamətlərdə dəstək göstərir.

Ümumiyyətlə qeyd edim ki, son 5 il ərzində bu NIC-lər 1300-dən çox startapa inkubasiya proqramı keçib və onlardan 660-dan çoxu uğurla məzun olub. Bu startaplar 126,000-dən çox iş yeri yaradıb, ümumilikdə 79 milyon ABŞ dolları sərmayə cəlb edib və 49,78 milyon ABŞ dolları dəyərində gəlir əldə ediblər. Bu proqramlar 2300-dən çox qadının inkişafına birbaşa dəstək olub. Mərkəzlərdə yaradılan bəzi startaplar böyük investisiyalar cəlb edib. Məsələn, BYKEA 29 milyon ABŞ dolları, PakVitae 17 milyon ABŞ dolları, Integry 4 milyon ABŞ dolları, Vceela 2 milyon ABŞ dolları, DigiKhata 2 milyon ABŞ dolları və Ezbike 1 milyon ABŞ dolları investisiya əldə ediblər.

Bu investisiyalar mərkəzlərin nə qədər uğurlu və faydalı dəstək göstərdiyinin nümunəsidir.

Milli Elm və Texnologiya Parkı 
Səfərimizin ikinci dayanacağı Milli Elm və Texnologiya Parkı oldu. İslamabadda iqtisadi zonada yerləşən bu kompleks geniş əhatəyə malikdir. Mərkəz Pakistanın elm və texnologiya sahəsindəki ilk tam inteqrasiya olunmuş texnologiya parkıdır. Bu təşəbbüs ölkənin bilik iqtisadiyyatını canlandırmaq və innovasiya ilə idarə olunan yüksək texnologiyalı şirkətlərin inkişafını dəstəkləmək məqsədilə yaradılıb.

Müxtəlif istiqamətlərdə - FinTech, AgriTech, HealthTech, EdTech və s. sahələrdə startaplara dəstək göstərilir. Mərkəzin uğurlu nəticələri var. Məsələn, rezidentlərin illik gəliri 35 milyon dollardan çoxdur. Araşdırmaya 35 milyon dollardan çox investisiya qoyulmuş, rezident startaplar 35 milyon dollardan çox investisiya cəlb ediblər. Mərkəzin proqramlarından 155-dən çox startap məzun olub və 4500-dən çox yeni iş yeri yaradılıb. Mərkəzin uğurlu startaplarından ezGeyser, Sarmaaya, və Kodifly nümunə göstərilə bilər.

Startaplara dəstəklə yanaşı, texnopark insan resursunun inkişafı üçün də kurslar və təlimlər keçir.

Milli Aerokosmik Elm və Texnologiya Parkı  
Pakistanın ən güclü sahələrindən biri hava qüvvələridir. Qardaş ölkənin bu inkişafı azərbaycanlıları sevindirir. Bu prosesləri birbaşa görmək bizi daha çox sevindirdi. Səfərimizin növbəti dayanacağı Milli Aerokosmik Elm və Texnologiya Parkı oldu. Biz bu parkdakı Milli Aerokosmik Texnologiyalar İnkubasiya Mərkəzi ilə tanış olduq.

Milli Aerokosmik Texnologiyalar İnkubasiya Mərkəzi (NICAT), IGNITE - Milli Texnologiya Fondu və İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyinin dəstəyi ilə yaradılıb. Mərkəzin məqsədi Pakistanın aerokosmik və İKT sənayelərinin potensialını tam reallaşdırmaqdır.

Mərkəzdə olarkən startaplar üçün yaradılan mükəmməl şəraitlə tanış olub, startaplarla birbaşa söhbət etdik. Orada diqqətimizi çəkən məqam yeni mütəxəssislərin inkişafı üçün keçirilən təlimlər idi. Belə ki, ölkənin müxtəlif şəhərlərindən istedadlı gənclər toplanıb iki illik təlim keçir. Bu təlimləri uğurla bitirən gənclər mexanika və avtomatika sahələrində ölkənin aerokosmik inkişafında iştirak edirlər. Bu iki illik kursun bir nəfər üçün xərci 25,000 avrodan çox olsa da, mərkəz tələbələrdən ödəniş almadan təqaüdlü bu kursu keçir. Hətta başqa şəhərlərdən gələn gənclər üçün müxtəlif güzəştlər və dəstəklər göstərilir.

Mərkəzdən məzun olan uğurlu startaplardan DynaSys, AiBL, və INLIGHTS qeyd edilə bilər. Mərkəz ölkənin ən böyük inkubasiya şəbəkəsidir. Bu mərkəzlərdən 1610 startap məzun olub və 4.3 milyon dollardan çox investisiya alıblar.

ADB-nin dəstəyi ilə Pakistanın innovasiya ekosistemi ilə tanış olmağımız ölkənin inkişafı və ekosistemi haqqında müsbət təsəvvürlər yaratdı. ADB də ölkədəki innovasiya ekosisteminin inkişafı və startapların böyüməsinə dəstək göstərir. Bu barədə İslamabadda keçirilən “Pakistan Ventures Connect 2024” tədbirində danışıldı. Pakistan ilə Azərbaycanın innovasiya sahəsində əməkdaşlıq etməsinin zəruri olduğunu düşünürük. Səfərdə iştirak edən Azərbaycanın vençur fondu Caucasus Ventures-in rəhbəri Məmməd Kərim də yekunda bildirdi ki, bu ölkəyə investisiya etməyə maraqlıdır. O, düşünür ki, buradakı startaplar əzmkar və səmimidirlər, geniş netvörk onların inkişafına dəstək olacaq.

© copyright 2022 | tech.az | info@tech.az