Az | EN

Pakistan və Azərbaycanın İnnovasiya Əlaqələri Genişlənir

Cəmil Hüseynzadə
15 Oktyabr 2024 19:43
49 baxış
Pakistan və Azərbaycanın İnnovasiya Əlaqələri Genişlənir

Pakistanın İslamabad şəhərində 9-10 oktyabr 2024-cü il tarixlərində keçirilən “Pakistan Venture Connect 2024” tədbirində Azərbaycan innovasiya ekosisteminin nümayəndələri də iştirak ediblər. Azərbaycanı təmsil edən Nextstep İnnovasiya Mərkəzinin direktoru Vüsal Kərimli ölkənin innovasiya sahəsində qazandığı uğurlar və görülən işlər barədə ətraflı çıxış edib. Caucasus Ventures fondunun rəhbəri Məmməd Kərim isə Azərbaycandakı investisiya imkanlarından bəhs edərək, regional əməkdaşlığın genişləndirilməsi istiqamətində marağını ifadə edib.
Tədbirin ikinci günü azərbaycanlı nümayəndələr Pakistanın texnologiya mərkəzlərini ziyarət edərək, bu ölkənin innovasiya sahəsində əldə etdiyi nailiyyətləri daha yaxından tanıma fürsəti əldə ediblər. Onların bu iştirakları, Azərbaycanla Pakistan arasında innovasiya əlaqələrinin inkişafına və əməkdaşlıq perspektivlərinin dərinləşməsinə böyük töhfə verib.


Səfər haqqında Məmməd Kərim Tech.az Mediaya açıqlama verib: "“Pakistan Venture Connect: 2024 tədbirində regiondan olan həmkarların çıxışlarını dinləyib, müxtəlif mövzular ətrafında dəyərli müzakirələr apardıq. Təkcə regionun inkişaf edən innovasiya ekosisteminin potensialı haqqında deyil, eyni zamanda bu sahədə mümkün əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi etdik. Caucasus Ventures fondunun əsas istiqamətləri ilə əlaqədar region ölkələrindəki həmkarların səmimi çıxışları, yeni perspektivləri və əməkdaşlıq imkanlarını önə çıxardı. Bununla yanaşı, Pakistanın innovasiya ekosistemi ilə yaxından tanış olmaq və startapların təqdimatlarını izləmək imkanı əldə etdik. İslamabadda bir neçə texnoloji mərkəzə səfərimiz zamanı təqdim olunan statistika məni xüsusilə təəccübləndirdi. Xüsusilə, investisiya rəqəmləri olduqca təsir edici idi və bu məni Pakistan startaplarına investisiya etmək barədə düşünməyə sövq etdi. Hazırda bir neçə startapı dəyərləndirirəm və bu mövzunu daha dərindən araşdıracağam.

Səfərimizin təşkilində göstərdikləri dəstəyə görə Asiya İnkişaf Bankına, xüsusilə Navid Durraniyə dərin minnətdarlığımı bildirirəm.”


Azərbaycan nümayəndə heyətində NextStep İnnovasiya Mərkəzinin direktoru Vüsal Kərimli də iştirak edib. Tech.az Media ilə fikirlərini bölüşən Vüsal bəy "Pakistan Venture Connect:2024 tədbirində iştirak etdim. Bu tədbirdə regionun innovasiya potensialı haqqında maraqlı çıxışlar oldu. Həmkarlarım innovasiyanın inkişafı, innovativ tətbiqlər haqqında məlumat verdilər. Bu mövzular ətrafında müzakirələr etdik. Düşünürəm ki, yaxın gələcəkdə biz daha yaxşı əməkdaşlıq edəcəyik. Bu müxtəlif mübadilə proqramları, birgə layihələrin icrası kimi ola bilər. Nəticədə biz innovasiya üçün sərhədləri aşırıq.
Səfərimizin bir günü İslamabaddakı mərkəzləri gəzdik. Bu mərkəzlərin fəaliyyəti ilə tanış olmaq, startapların təqdimatlarını dinləmək çox xoş oldu. Biz bununla Pakistandakı innovasiya potensialını gördük. Fikrimcə, biz bu mərkəzlər ilə əməkdaşlıq edə bilərik. Mərkəz olaraq Pakistandan gələn startaplara Azərbaycanda dəstək göstərməyə hər zaman hazırıq. 
Səfərimizi təşkil edən Asiya İnkişaf Bankına, xüsusilə Navid Durraniyə təşəkkür edirəm." sözlərini deyib.

© copyright 2022 | tech.az | info@tech.az