Az | EN

Instagram-da 17,5 milyon hesabın məlumat sızması baş verib

Cəmil Hüseynzadə
12 Yanvar 2026 11:35
74 baxış
Instagram-da 17,5 milyon hesabın məlumat sızması baş verib

Malwarebytes şirkəti Instagram-a (Meta-ya məxsusdur) aid 17,5 milyon hesabı əhatə edən təsdiqlənmiş məlumat sızması barədə məlumat yayıb.

Bildirilib ki, məlumat bazası artıq haker forumlarında, o cümlədən BreachForums platformasında pulsuz şəkildə yayılır. Məlumatlara görə, baza 7 yanvar 2026-cı il tarixində Solonik ləqəbli istifadəçi tərəfindən paylaşılıb.

Problemin ilk əlamətləri yanvarın əvvəlində müşahidə olunub. r/Instagram subredditində istifadəçilər parolun dəyişdirilməsi ilə bağlı şübhəli e-məktublar aldıqlarını kütləvi şəkildə bildirməyə başlayıblar. Məlumata əsasən, sızan məlumatlar arasında istifadəçi adları, telefon nömrələri, elektron poçt ünvanları və bəzi hallarda fiziki ünvanlar yer alır.

Cyberinsider-in Malwarebytes mütəxəssislərinə istinadən yaydığı məlumata görə, sızmanın mənbəyi 2024-cü ildə yaranmış Instagram-ın açıq API-sindəki boşluq ola bilər. Hücumun dəqiq mexanizmi hələ təsdiqlənməsə də, məlumatların strukturu (JSON sahələri və profil metadataları) bunun API və ya onunla əlaqəli üçüncü tərəf servisi vasitəsilə baş verdiyini göstərir.

Malwarebytes xəbərdarlıq edir ki, oğurlanmış məlumatlar artıq fişinq hücumları və parolun bərpası mexanizmi üzərindən hesabların ələ keçirilməsi cəhdlərində istifadə olunur. Bəzi istifadəçilər Instagram-dan parolun sıfırlanması ilə bağlı rəsmi bildirişlər almağa başlayıblar.

Şirkət istifadəçilərə məlumatlarının sızmaya düşüb-düşmədiyini Digital Footprint aləti vasitəsilə yoxlamağı, parollarını dəyişməyi və iki mərhələli identifikasiyanı aktiv etməyi tövsiyə edir.

Yenilənmə (UPD): Daha sonra Instagram komandası məlumat sızmasını rəsmi şəkildə təsdiqləməyib və bəzi istifadəçilərin parol sıfırlama məktubları almasına səbəb olan texniki xətanın aradan qaldırıldığını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az