Az | EN

“İş tapana qədər kod yazıram”: Azərbaycanlı gəncin 50 günlük texnologiya macərası

Cəmil Hüseynzadə
13 Oktyabr 2025 13:31
138 baxış
“İş tapana qədər kod yazıram”: Azərbaycanlı gəncin 50 günlük texnologiya macərası

Azərbaycanlı gənc proqramçı Afər Məhərrəmova texnologiya sahəsində özünü inkişaf etdirmək üçün maraqlı təşəbbüsə imza atıb. O, YouTube kanalında “İş tapana qədər kod yazıram” adlı video-seriyaya başlayıb və artıq 50 gündən çoxdur ki, hər gün kod yazaraq bu prosesini izləyicilərlə paylaşır.

Afərin layihəsi sadəcə kod yazmaqla kifayətlənmir. O, videolarda qarşılaşdığı çətinlikləri, iş prosesi zamanı rast gəldiyi problemləri, istifadə etdiyi texnologiyaları və əldə etdiyi nəticələri də izah edir. Bu yanaşma izləyicilərə yalnız proqramlaşdırmanın gündəlik prosesini göstərmir, həm də öyrənmək istəyənlər üçün dəyərli məsləhətlər təqdim edir.

Afər back-end proqramçı kimi veb saytların və tətbiqlərin arxa hissəsində işləyir, məlumat bazaları və serverlərin idarəsi ilə məşğul olur. Layihəsində müasir proqramlaşdırma dillərindən istifadə edir, API-lərin yaradılması və server konfiqurasiyası kimi sahələrdə təcrübə toplayır. Bu da onu yalnız Azərbaycan, həm də beynəlxalq texnologiya icması üçün maraqlı bir nümunəyə çevirir. O həmçinin real praktik şəraitdə iş rejimində hansı texnikaların effektiv olduğunu bölüşür. 

“İş tapana qədər kod yazıram” layihəsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. İzləyicilər Afərin hər gün paylaşdığı videoları izləyərək həm öz bacarıqlarını inkişaf etdirir, həm də texnologiya sahəsində yeni biliklər əldə edirlər. Afərin açıq və səmimi yanaşması layihəni yalnız bir öyrənmə təşəbbüsü deyil, həm də motivasiya mənbəyinə çevirir.

Bu layihə göstərir ki, davamlı çalışma və paylaşmaq şəxsi bacarıqları artırmaqla yanaşı, başqalarına da ilham verir. 

© copyright 2022 | tech.az | info@tech.az