Az | EN

İtaliyada Cloudflare 14,2 milyon avro cərimələnib

Cəmil Hüseynzadə
12 Yanvar 2026 11:46
75 baxış
İtaliyada Cloudflare 14,2 milyon avro cərimələnib

İtaliyanın rabitə tənzimləyicisi AGCOM, Cloudflare şirkətini pirat saytların 1.1.1.1 adlı açıq DNS xidməti vasitəsilə bloklanmasından imtina etdiyinə görə 14,2 milyon avro cərimələyib.

Qərar ölkədə qüvvədə olan Piracy Shield qanunu çərçivəsində verilib. Sözügedən qanun internet xidmətlərini müəllif hüquqlarını pozan resurslara çıxışı məhdudlaşdırmağa məcbur edir. AGCOM Cloudflare-dən pirat saytların IP ünvanlarına DNS-resolvinqin və trafikin yönləndirilməsinin dayandırılmasını tələb edib. Cərimə şirkətin illik dövriyyəsinin 1 faizi həcmində tətbiq olunub.

Cloudflare qərarla razılaşmadığını bildirib və onu məhkəmədə mübahisələndirəcəyini açıqlayıb. Şirkət həmçinin İtaliyadakı infrastrukturunu ölkədən çıxarmaq da daxil olmaqla radikal addımları istisna etmədiyini qeyd edib.

Cloudflare-in baş direktoru Metyu Prins cəriməni “ədalətsiz” adlandıraraq, bunu internet senzurası cəhdi kimi qiymətləndirib. O bildirib ki, Piracy Shield sistemi çərçivəsində yüzlərlə legitim sayt da bloklanıb, pirat resurslar isə məhdudiyyətləri aşmaqda davam edir.

AGCOM-un məlumatına görə, son iki ildə Piracy Shield qanunu əsasında İtaliyada 65 mindən çox domen və 14 minə yaxın IP ünvan bloklanıb. Daha əvvəl İtaliya hakimiyyəti Google-u da pirat saytları DNS səviyyəsində bloklamağa məcbur etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az