Az | EN

Kaspi.kz "Hepsiburada"nın əsas hissəsini alır

Cəmil Hüseynzadə
18 Oktyabr 2024 14:24
248 baxış
Kaspi.kz "Hepsiburada"nın əsas hissəsini alır

Türk elektron ticarət platforması Hepsiburada-nın satışı ilə bağlı proseslər davam edir. Qazaxıstanın ən böyük qruplarından biri olan Kaspi.kz, Hepsiburada-nın əsas hissədarı olacaq. Şirkət açıqlama verərək bildirib ki, Hanzade Doğan, Vuslat Doğan Sabancı, Begüm Doğan Faralyalı, Arzuhan Doğan Yalçındağ və Işıl Doğanla birlikdə, Hepsiburada-nın 65.4%-ni təmsil edən A və B qrup səhmlərinin köçürülməsi üçün bağlayıcı müqavilə imzalanıb.

Hepsiburada 2000-ci ildə Hanzade Doğan tərəfindən yaradılıb və Türkiyənin aparıcı e-ticarət platformalarından biri olaraq fəaliyyət göstərir. Hazırda şirkət 101 min iş ortağı və 12 milyon aktiv müştəriyə xidmət göstərir. 2023-cü ildə Hepsiburada-nın ümumi satış həcmi təxminən 4 milyard ABŞ dollarına çatıb.

Şirkətin açıqlamasına görə, bu proses nəticəsində ümumi səhmlərin köçürülməsi 1 milyard 127 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Ödəmənin iki hissədə həyata keçirilməsi planlaşdırılır.

Səhmlərin təhvili üçün adi bağlanış şərtləri və Türkiyə qanunvericilik orqanlarının icazələri gözlənilir. Sazişin 2025-ci ilin ilk rübündə tamamlanması planlaşdırılır.

Kaspi.kz CEO-su anlaşmaya dair fikirlərini bildirib:

Kaspi.kz-in icraçı direktoru və həmtəsisçisi Mixeil Lomtadze bu anlaşma haqqında danışaraq deyib: "Hepsiburada ilə əməkdaşlıq etməkdən məmnunuq. Hədəfimiz, bazarımızı 100 milyona yaxın əhaliyə çatdırmaq idi. Hepsiburada-nın müsbət göstəricisi, şirkətin dayanıqlı və gəlirli böyüməyə sadiq olduğunu təsdiqləyir. Biz, Kaspi.kz olaraq, bu əməkdaşlıq çərçivəsində daha maraqlı məhsul və xidmətlər hazırlamağı və iki şirkət arasında təcrübə mübadiləsini gücləndirməyi hədəfləyirik. Bundan əlavə, bu anlaşma, hər iki ölkədəki kiçik və orta müəssisələrə (KOBİ) yeni imkanlar yaradacaq."

Hanzade Doğan: "Hepsiburada üçün mühüm dönüş nöqtəsidir"

Hepsiburada-nın təsisçisi və İdarə Heyətinin sədri Hanzade Doğan isə bu anlaşmanı şirkət üçün əhəmiyyətli bir dönəm olaraq qiymətləndirib: "24 il əvvəl yaratdığım Hepsiburada qrupunun bu gün yeni bir mərhələyə qədəm qoymasını qürurla izləyirəm. Kaspi.kz ilə olan bu əməkdaşlıq bizə daha parlaq bir gələcək vəd edir."

Sazişin şərtlərinə görə, səhmlərin devri üçün ödəniş iki taksitdə ediləcək. İlk taksit olaraq 600 milyon dollar bağlanış zamanı ödəniləcək, ikinci taksit isə, 526,9 milyon dollar, bağlanışdan ən geci 6 ay sonra ödənəcək.

Sazişin bağlanması üçün bütün hüquqi prosedurlar və tənzimləmə şərtlərinin yerinə yetirilməsi gözlənilir, və bu prosesin 2025-ci ilin ilk rübündə tamamlanması planlaşdırılır.
Qeyd edək ki, Kaspy.kz Azərbaycanda Turbo.az, Boss.az və Bina.az kimi saytların sahibidir.

© copyright 2022 | tech.az | info@tech.az