Az | EN

Kolektif House-un qurucusunun startapı a16z-dən investisiya aldı

Cəmil Hüseynzadə
07 Avqust 2026 18:24
78 baxış
Kolektif House-un qurucusunun startapı a16z-dən investisiya aldı

Süni intellekt əsaslı tətbiqlərin hazırlanması ilə məşğul olan DRS startapı, Silikon Vadisinin aparıcı vençur fondlarından biri olan Andreessen Horowitz (a16z) tərəfindən təşkil edilən a16z Speedrun akselerasiya proqramının SR007 mərhələsinə qəbul edilib.

Şirkət həmçinin a16z Speedrun komandasının üzvləri Joshua Lu və Marcus Segal tərəfindən məbləği açıqlanmayan investisiya da cəlb edib.

DRS, Kolektif House-un həmtəsisçisi və baş icraçı direktoru Ahmet Onur, eləcə də Osman Elsöz və Talha Alver tərəfindən təsis edilib. Startap qlobal bazar üçün yeni kateqoriya yaradan süni intellekt əsaslı istehlakçı tətbiqləri hazırlamağı hədəfləyir.

Bir müddət gizli ("stealth mode") rejimində fəaliyyət göstərən DRS komandası indiyədək ümumilikdə 100 milyondan çox istifadəçiyə çatmış məhsulların hazırlanmasında iştirak etmiş mütəxəssislərdən ibarətdir.

Startapın adı Formula 1-də ötməni asanlaşdıran Drag Reduction System (DRS) texnologiyasından götürülüb. Ahmet Onur bildirib ki, bu ad onların mühəndisliyə, dəqiqliyə və qalib gəlmək mədəniyyətinə olan yanaşmasını əks etdirir.

Onurun sözlərinə görə, o, Osman Elsöz və Talha Alver ilə ötən il süni intellekt yönümlü istehlakçı tətbiqləri studiyası yaratmaq qərarı verərkən tanış olub və qısa müddətdə təsisçi komanda formalaşıb. Elsöz və Alver daha əvvəl ABŞ-ın oyun şirkəti SciPlay tərəfindən satın alınan Türkiyə oyun startapı Alictus-da rəhbər vəzifələrdə çalışıblar.

LinkedIn paylaşımında Ahmet Onur qeyd edib ki, Kolektif House inkişafını davam etdirərkən onun üçün yenidən təsisçi kimi fəaliyyətə başlamağın vaxtı çatıb və bu dəfə məqsəd ilk gündən qlobal miqyasda uğur qazanacaq texnologiya şirkəti qurmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az