Az | EN

Mattel və OpenAI süni intellektlə işləyən ilk oyuncağı təqdim etməyə hazırlaşır

Nigar Sultanli
13 İyun 2025 14:07
88 baxış
Mattel və OpenAI süni intellektlə işləyən ilk oyuncağı təqdim etməyə hazırlaşır

Amerikalı məşhur oyuncaq istehsalçısı Mattel (Barbie, Hot Wheels və Uno kartlarının istehsalçısı), süni intellekt texnologiyalarının tətbiqi sahəsində OpenAI ilə əməkdaşlıq etdiyini açıqlayıb. Şirkət bu ilin sonunadək ilk süni intellektlə işləyən oyuncağını bazara çıxarmağı planlaşdırır.

Mattel-in bəyanatında bildirilir ki, bu əməkdaşlığın əsas məqsədi uşaqlar üçün yaşa uyğun, innovativ və təhlükəsiz oyun təcrübələri yaratmaqdır. Şirkət OpenAI-nin qabaqcıl texnologiyalarından – o cümlədən ChatGPT Enterprise-dan istifadə etməklə məhsul inkişafını və daxili əməliyyatlarını təkmilləşdirməyi nəzərdə tutur.

OpenAI-nin əməliyyatlar üzrə rəhbəri Brad Lightcap bildirib:

“Mattel bu əməkdaşlıqla yanaşı, genişmiqyaslı innovasiya, yaradıcılıq və şirkət daxilində transformasiya imkanlarını da əldə edir.”

Hazırda oyunqaq sənayesi ABŞ prezidenti Donald Trampın dəyişkən ticarət siyasətinin yaratdığı iqtisadi qeyri-müəyyənliklər səbəbilə zəifləyən tələbat fonunda çətin dövr keçirir. Şirkət gəlir itkisini kompensasiya etmək məqsədilə son dövrlərdə Barbie və Hot Wheels kimi brendlər əsasında filmlər, televiziya şouları və mobil oyunlar istehsalına üstünlük verir.

Bundan əlavə, Mattel keçən ay illik maliyyə proqnozunu geri çəkib və təchizat zəncirindəki artan xərcləri kompensasiya etmək məqsədilə yerli bazarda bəzi məhsullarının qiymətlərini artıracağını açıqlayıb.

Bu addım Mattel-in həm məhsul çeşidini rəqəmsal aləmdə genişləndirməyə, həm də texnoloji yenilikləri oyuncaqlar dünyasına inteqrasiya etməyə yönəlmiş strateji planlarının bir hissəsi kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az