Az | EN

Məhkəmə Microsoft-un Activision Blizzard-ı almasını təsdiq edib

Nail Valiyev
12 İyul 2023 11:56
250 baxış
Məhkəmə Microsoft-un Activision Blizzard-ı almasını təsdiq edib

Daha əvvəl xəbər verdiyimiz kimi, Microsoft Activision Blizzard-ı 68,7 milyard dollara almaq istəyirdi. Aradan 1,5 ildən çox vaxt keçməsinə baxmayaraq, inhisarçılıq şübhəsi ilə sözügedən alışı başa çatdırmaq mümkün olmamışdı. 

Microsoft-un Activision Blizzard-ı alması inhisarçılıq şübhələrinə görə həm ABŞ, Böyük Britaniya, həm də Avropa İttifaqında müzakirə olunub. Monopoliya iddialarını dəstəkləyənlər arasında Microsoftun oyun bazarında ən böyük rəqibi olan Sony də var. Sony-nin qorxusu PlayStation oyun konsolunda ən çox oynanan oyunlar arasında olan və Activision Blizzard tərəfindən hazırlanan Call of Duty oyunlarının satın alındıqdan sonra PlayStation üçün hazırlanmaması və ya daha aşağı keyfiyyətdə təqdim edilməsidir. Mövzu ilə bağlı ilk qərar keçən may ayında Avropa Komissiyasından gəldi. Avropa Komissiyası Activision Blizzard alışını nəzərdən keçirdiyini və əməliyyatı təsdiqlədiyini açıqladı.

Lakin, İyun ayında ABŞ Federal Ticarət Komissiyası (FTC) Microsoft-un Activision Blizzard-ı satın almasının qarşısını almaq üçün məhkəməyə müraciət edib. FTC öz ərizəsində Microsoft-dan Activision Blizzard-ı almasını müvəqqəti olaraq bloklamağı xahiş edib. Mövzu ilə bağlı qərarını verən məhkəmə, ABŞ Federal Ticarət Komissiyasının (FTC) tələbini rədd etdiyini açıqlayıb. Alınan qərarlarla Microsoft-un ABŞ və Avropa Birliyində Activision Blizzard alması qarşısında heç bir maneə qalmayıb. 

© copyright 2022 | tech.az | info@tech.az