Az | EN

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Cəmil Hüseynzadə
26 Noyabr 2024 18:15
347 baxış
Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Mərkəzi Bank maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari ildən xüsusi tənzimləmə rejimini tətbiq etməyə başlayıb. Bu mühüm təşəbbüs innovativ həllər təklif edən şirkətlərə yeni məhsul və xidmətləri real şəraitdə Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirmək imkanı verməklə yanaşı, həm də bu məhsulların maliyyə bazarlarına təhlükəsiz surətdə təqdim olunmasını təmin edir.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ texnologiyaların tətbiqi ilə bağlı riskləri minimuma endirmək və ölkədə maliyyə sektorunun dayanıqlı inkişafını təmin etmək üçün effektiv bir platformadır. Bu rejim şirkətlər üçün yeni imkanlar açaraq innovasiyaların təşviqinə və tətbiqinin sürətlənməsinə xidmət edir.

Cari ilin may ayında elan olunan qəbul dövründə qeydə alınan 21 müraciət arasında kriptovalyuta, rəqəmsal ödəniş xidmətləri, sığorta və maliyyə sektorunun digər sahələrinə üzrə rəqəmsal məhsulları yer alıb. Beləliklə, rejimdə iştirak meyarları ilə uyğunluq təşkil edən 4 innovativ məhsul xüsusi tənzimləmə rejiminə qəbul edilib. Qeyd edək ki, meyarlardan biri də məhsulun məhz bazar şəraitində istifadəyə hazır olmasıdır. İdeya mərhələsindəki məhsullar xüsusi tənzimləmə rejiminə qəbul edilmir.

İştirak hüququ qazanmış təşkilatlar təklif etdikləri həmin məhsulların bazara uyğunluğunu sınaqdan keçirərək daha geniş kütləyə təqdim etmə imkanı əldə ediblər.

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlər isə 15.12.2024-15.01.2025 tarixləri ərzində qəbul olunacaq. Bu, fintex şirkətlər üçün innovativ məhsullarını sınamaq və inkişaf etdirmək baxımından növbəti fürsət olaraq qiymətləndirilə bilər.

Mərkəzi Bank bu təşəbbüslər vasitəsilə maliyyə texnologiyaları sahəsinin dayanıqlılığının artırılması və rəqəmsal maliyyə bazarının genişləndirilməsi ilə ölkədə maliyyə inklüzivliyinin artırılmasını hədəfləyir. Müraciət et: sandbox.cbar.az

© copyright 2022 | tech.az | info@tech.az