Metanın virtual reallıq və metaversə yönəlik böyük planları faktiki olaraq sona çatıb. The Wall Street Journalın məlumatına görə, Meta Reality Labs bölməsində təxminən 1 500 əməkdaşı (bölmənin 10%-i) ixtisar edib, bir neçə VR oyun studiyasını bağlayıb və VR yönümlü əsas layihələri dayandırıb. Bu addım Metanın 2021-ci ildə bütün korporativ kimliyini metavers ideyasına bağlamasından sonra ciddi geri dönüş kimi qiymətləndirilir.
Xatırladaq ki, Facebook 2021-ci ildə adını Meta olaraq dəyişərək gələcəyin əsas sosial platformasının VR əsaslı metavers olacağını elan etmişdi. Bu qərar bir tərəfdən Z nəslinin onlayn oyunlarda sosiallaşmasına olan marağa əsaslanırdı, digər tərəfdən isə Facebook brendini məlumat sızmaları, dezinformasiya, monopoliyaya dair ittihamlar və Konqres dinləmələri fonunda yaranmış mənfi imicdən uzaqlaşdırmağı hədəfləyirdi.
Metanın planına görə, istifadəçilər Horizon Worlds platforması vasitəsilə virtual mühitdə ünsiyyət qurmalı, VR dəbilqələri ilə oyunlar oynamalı və metavers yeni nəsil sosial şəbəkəyə çevrilməli idi. Lakin zaman keçdikcə bu vizyon reallıqla uzlaşmadı və metavers layihələri süni intellektin sürətli inkişafı fonunda arxa plana keçdi.
CNBC-nin məlumatına əsasən, ixtisarlardan zərər görən və ya bağlanan studiyalar arasında Armature Studio (Resident Evil 4 VR), Twisted Pixel (Marvel’s Deadpool VR) və Sanzaru (Asgard’s Wrath) yer alır. 2023-cü ildə 400 milyon dollara alınan Supernatural VR fitness tətbiqi isə artıq yeni məzmun istehsal etməyəcək və yalnız texniki dəstək rejimində fəaliyyət göstərəcək. “Batman: Arkham Shadow” VR oyununun istehsalçısı Camouflaj studiyası da ixtisarlardan təsirlənib. Bundan əlavə, The Verge Metanın iş üçün nəzərdə tutulmuş VR platforması Workrooms-un bağlandığını bildirib.
Daha əvvəl Bloomberg Metanın VR bölməsinin büdcəsini 30%-ə qədər azaltdığını və Quest VR cihazlarında işləyən Meta Horizon əməliyyat sisteminin üçüncü tərəf istehsalçılar üçün açılması proqramını dayandırdığını yazmışdı. Səbəb Reality Labs bölməsinin uzun müddətdir böyük maliyyə zərərləri yaratması və investorları narahat etməsi olub. Ümumilikdə Meta bu sahəyə təxminən 73 milyard dollar vəsait yönəldib.
Mütəxəssislər metaversin uğursuzluğunu zəif məhsul keyfiyyəti və aşağı istifadəçi marağı ilə izah edirlər. Ayaqsız avatarlar, sadə qrafika və Metanın baş icraçı direktoru Mark Zukerberqin metaversdə paylaşdığı və meme-ə çevrilən görüntülər layihənin imicinə zərbə vurmuşdu. Counterpoint Research-in məlumatına görə, 2024-cü ildə qlobal VR dəbilqə tədarükləri illik müqayisədə 12% azalıb və bu, ardıcıl üçüncü eniş ili olub. Həmin dövrdə VR bazarının 77%-i Metanın payına düşsə də, satışlar gözləntiləri doğrultmayıb.
Bundan başqa, Metanın VR ekosistemində tətbiq etdiyi 47,5%-lik yüksək komissiya siyasəti tərtibatçıların narazılığına səbəb olub. Eyni zamanda, metaversdə istifadəçi təhlükəsizliyi ilə bağlı problemlər — cinsi zorakılıq, təcavüz və təqib halları — ciddi tənqidlər doğurub.
Bütün bu amillər fonunda Meta strateji prioritetlərini dəyişərək diqqətini süni intellekt, ağıllı AR eynəkləri və böyük dil modellərinə yönəldib. Ray-Ban ağıllı eynəklərinə artan maraq da bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.
