Microsoft bu rüb süni intellekt xidmətlərində çatışmazlıq yaşana biləcəyi barədə xəbərdarlıq edib. Şirkətin İcraçı vitse-prezidenti və maliyyə direktoru Amy Hood, 2025-ci maliyyə ilinin üçüncü rübünə dair hesabat konfransı zamanı bildirib ki, süni intellekt texnologiyalarına tələbatın sürətlə artması mövcud məlumat mərkəzlərinin imkanlarını üstələdiyindən, iyun ayından etibarən bəzi xidmətlərdə fasilələr yaşana bilər.
Hood qeyd edib ki, ilin dördüncü rübünün sonuna qədər bu tarazlığı bərpa etməyi ümid edirdilər, lakin tələbat gözləniləndən daha yüksək olduğundan, ilin sonuna qədər süni intellekt resurslarında müəyyən çatışmazlıqlar ola bilər. Onun sözlərinə görə, bu balanssızlıq müvəqqəti xarakter daşıyır və Microsoft uzunmüddətli investisiya planlarını davam etdirir.
Xüsusi diqqət çəkən məqam isə bu açıqlamanın Microsoft-un bu il bir neçə məlumat mərkəzi icarəsini ləğv etməsi fonunda verilməsi oldu. Fevral ayında TD Cowen investisiya bankının yaydığı məlumata görə, Microsoft “bir neçə yüz megavatt” gücündə — təxminən iki məlumat mərkəzinə bərabər — icarə müqaviləsini ləğv edib. Son aylarda bu kimi ləğvlərin artdığına dair xəbərlər də yayılıb.
Şirkət isə bu iki hadisə arasında birbaşa əlaqə olmadığını bildirir və 2025-ci il ərzində məlumat mərkəzlərinə əvvəlcədən planlaşdırılmış 80 milyard dollarlıq investisiya öhdəliyini davam etdirdiyini vurğulayır. Bu məbləğin yarısı ABŞ-da yerləşən məlumat mərkəzlərinə yönəldiləcək.
Hood əlavə edib ki, tələbatın bugünkü səviyyəsi ilə gələcəkdəki səviyyəsi fərqli ola bilər və bu sahədə qərarların həyata keçirilməsi uzunmüddətli planlaşdırma tələb edir. O bildirib: “Torpaq alınmasından tikintiyə qədər bu proseslər beş-yeddi il, bəzən iki-üç il çəkə bilər. Bu səbəbdən daim tələbat əyrilərini izləyərək balans yaratmağa çalışırıq.”
Microsoft-un baş direktoru Satya Nadella da bildirib ki, son rübdə şirkət 10 yeni ölkədə və dörd yeni qitədə məlumat mərkəzləri açaraq qlobal miqyasda genişlənməyə davam edib.